“Sərkisyanın iddiaları gülməlidir” – RUSİYALI POLİTOLOQ
    • 18-02-2021, 13:15
    • 535

“Sərkisyanın iddiaları gülməlidir” – RUSİYALI POLİTOLOQ

Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan “Armnews” telekanalına geniş müsahibə verib. Həmin müsahibədə öz keçmiş fəaliyyətinə və səhvlərinə haqq qazandıran Sərkisyan Qarabağdakı məğlubiyyətə görə Paşinyan hakimiyyətini sərt tənqid edib.  

Eyni zamanda o, Ermənistanın 44 günlük müharibə zamanı “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən  istifadə edildiyini etiraf edib: 
“Məndə dəqiq informasiya var ki, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Ermənistan bu şəhərə “İsgəndər” raketi atıb”. 

Terrorçu xislətini gizlədə bilməyən Sərkisyan qeyd edib ki, "İsgəndər"lərdən Azərbaycanın neft və qaz kəmərlərini vurmaq üçün istifadə edilməli idi. Eləcə də o, “İsgəndər”dən müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım olduğunu vurğulayıb. 

Müsahibə zamanı Aprel müharibəsi barədə danışan Sərkisyan guya Azərbaycanın böyük itkilər verdiyini, məhz bu səbəbdən Azərbaycan rəhbərliyinin müharibəni dayandırmaq barədə xahiş etdiyini də deyib. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən rusiyalı politoloq Yevgeni Mixaylovun fikrincə, Sərkisyanın bu iddiası, yumşaq desək, gülməlidir: 
"Bu, həqiqətə uyğun deyil. Biz müharibənin dayandırılmasının həqiqi səbəbini bilirik. Bu, Ermənistanın məğlubiyyəti ilə bağlı idi. Mən bir məsələni diqqətə çatdırmaq istəyirəm. Beynəlxalq ictimaiyyət Serj Sərkisyanın bəyanatına nəzər yetirməlidir. O deyir ki, İrəvan Gəncəyə məqsədli şəkildə zərbə endirdi. Sərkisyan etiraf edir ki, dinc əhaliyə raket zərbəsi endirilib. Mən düşünürəm ki, bununla o özü Haaqa Tribunalına can atır". 

Politoloqun sözlərinə görə, keçmiş Qarabaq klanının liderləri və Ermənistanın sabıq prezidentlərinin bütün bu cəhdləri sadəcə, lovğalanmaqdır. Onlar demək istəyirlər ki, guya Ermənistan müharibəni uduzmayıb: “Bütün bunlar indi aktual deyil. Ona görə də bu cür açıqlamalara fikir vermək lazım deyil. Ermənistanın imzaladığı kapitulyasiya müqaviləsi var. Azərbaycan praktiki olaraq bütün torpaqları geri qaytardı. Ən vacib olanı budur". 

Yevgeni Mixaylovun sözlərinə görə, artıq Köçəryan və ya Sərkisyanın nə demələrinin heç bir əhəmiyyəti yoxdur. Çünki bütün bunlar artıq keçmişdə qalıb.

Nİlay Nurəli