“Bu, Azərbaycanın yaratdığı yeni reallığı Ermənistanın qəbul etməsinin başlanğıcıdır”- MİLLƏT VƏKİLİ
    • 25-02-2021, 13:15
    • 380

“Bu, Azərbaycanın yaratdığı yeni reallığı Ermənistanın qəbul etməsinin başlanğıcıdır”- MİLLƏT VƏKİLİ

“Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra kaputulyasiya aktına imza atmış Ermənistanda ilk dəfədir ki, rəsmi şəkildə  kommunikasiyaların açılmasından danışırlar və bu, baş nazir tərəfindən dilə gətirilir. Şübhəsiz ki, bu özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır. Ancaq bu hələ heç də o demək deyil ki , Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı hərbi cinayətlər, soyqırımı törətmiş, tarixi, dini və mədəni abidələrimizi yerlə yeksan etmiş bir ökлə ilə dərhal əməkdaşlığa başlayacaq”.

Bu fikirləri millət vəkili Hikmət Babaoğlu News24.az-a açıqlamasında Azərbaycanın Ermənistanla bundan sonrakı münasibətlərinin inkişafı haqda danışarkən deyib.  O bildirib ki, Ermənistanda hələ də revanşist qüvvələr, terrorçu birləşmələrin olması və onların qisas almaq kimi faşist düşüncəsindən hələ də əl çəkmədikləri hər kəsə məlumdur: “Ancaq bununla belə, biz həm də başa düşürük ki, Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir. Bunun üçünsə ən yaxşı başlanğıc üçtərəfli razılaşmada göstərildiyi kimi yol–nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər”.

Ermənistanın baş naziri N.Paşinyanın da elə bu məsələlərin aktuallığına toxunaraq, onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirdiyini deyən millət vəkili qeyd edib ki, Paşinyan mövzu ilə bağlı publika qarşısında açıqlama vermək üçün əslində doğru zaman seçib: “Çünki bu tip açıqlamaları bir qədər əvvəl  versəydi, erməni ictimai rəyi buna hazır olmayacaqdı və elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi. Ancaq İrəvanda keçirilən 20  fevral mitinqlərindən sonra Paşinyan bir daha yəqin etdi ki, onun xeyli sayda tərəfdarları var və yeni reallığı Ermənistanda qəbul edənlərin sayı hər gün artmaqdadır. Mitinq ərəfəsində keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin təqribən 34 faizə çatması da onu belə açıq danışmağa cəsarətləndirən faktorlardan biri oldu. Mövcud reallığı ən yaxşı bilənlərdən bir də Ermənistanın müdafiə naziridir ki, o da Paşinyanın açıqlamalarına bənzər fikirlər söyləməklə əslində öz baş nazirini dəstəkləmiş oldu. Və nəhayət, Ermənistan region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirməklə ilk dəfədir ki, onların da mənafeyini qəbul etməyin zərurəti ilə bağlı  reallığı qəbul etmiş oldu. Bütün bunlar isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi elə regionumuzda uzunmüddətli və davamlı sülhə nail olmaqdır”.

Məhərrəm ƏLİYEV