“Paşinyana sui-qəsd ola bilər” – Çıxılmaz Ermənistan labirinti… - ŞƏRH
    • 3-03-2021, 13:27
    • 624

“Paşinyana sui-qəsd ola bilər” – Çıxılmaz Ermənistan labirinti… - ŞƏRH

Ermənistandakı siyasi gərginlik davam edir. Nə müxalifət və ona dəstək verən ordu, nə də polisin dəstəklədiyi Paşinyan geri çəkilmək niyyətindədir. Bəs, görəsən, bu siyasi gərginlik nə vaxta kimi uzanacaq və proseslər hansı istiqamətdə inkişaf edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandakı siyasi vəziyyətin qarışıq və çıxılmaz olduğunu qeyd edib: “Hazırkı mərhələdə Nikol Paşinyan Baş Qərargah rəisini işdən çıxara bilmir. Çünki prezident veto hüququndan istifadə edir. Bu isə konstitusiya böhranına gətirib çıxarır. Zənnimcə, əsas çıxış yolu erkən parlament seçkilərinə getmək ola bilər. Paşinyan özü də bunu təklif edir. İkinci təklif isə oktyabr ayında referendum keçirib, konstitusiyanı  yenidən dəyişməkdir ki, bu da ağlabatandır. Paşinyan düşünür ki, seçki keçirib, prezident olacaq. O zaman bütün səlahiyyətlərdən istifadə edəcək. Ancaq onun hesablamadığı bir məsələ də var ki, oktyabra qədər Ermənistanda dağıdıcı proseslər davam edə bilər. İnanmıram ki, müxalifət seçkidə iştirak etsin. Müxalifət yəqin ki, seçkinin nəticələrini də tanımayacaq. Bu isə xaosun davamı deməkdir. Ermənistan elə bir dairənin içərisindədir ki, hansı addımı da atsa, sabitlik yaratmaq çətin olacaq. Bundan əlavə, müharibənin ağır nəticələri də Ermənistandakı siyasi proseslərə təsir edib. Koronavirus, müharibə, siyasi xaos iqtisadiyyatı dağıdır. Ümumiyyətlə, siyasi xaos olan yerdə iqtisadi sabitlik ola bilməz. Paşinyan üçün çıxış yolu qalmayıb, amma axtarışdadır”. 
 
Politoloq qeyd edib ki, müxalifət üstünlüyü ələ ala bilmir: “Müxalifət 10 noyabrdan bu yana çağırışlar edir ki, Paşinyan istefaya getməlidir. Ancaq Paşinyanın partiyası çoxluğa malik olduğu üçün onu istefaya göndərə bilmirlər. Meydana da çox adam toplaya bilmədikləri üçün bunu bacarmırlar. Paşinyan bir çağırışı ilə müxalifətdən çox adam toplaya bilər. Dördüncü variant isə sui-qəsddir. Bu, ermənilərə xas olan bir yoldur: sui-qəsd, terror.. Bu variantı da istisna etmirəm. Paşinyana qarşı müxalifət hər hansı bir sui-qəsd planını həyata keçirə bilər.
 
Ermənistandakı generallar Paşinyanın hakimiyyətini tanımadığını desələr də, onlar da qorxdular. Çevriliş etmək üçün tankları meydanlara sürməkdən çəkindilər. Çünki Paşinyan xeyli tərəfdarını toplamaqla mitinqdə öz gücünü göstərdi. Hesab edirəm ki, Ermənistandakı gərginliyi uzun müddət izləyəcəyik”.
 
Siyasət şöbəsi