"Paşinyan öz xoşu ilə istefa verməyəcək" - Politoloq
    • 27-02-2021, 15:30
    • 696

"Paşinyan öz xoşu ilə istefa verməyəcək" - Politoloq

"Hələ ki, nə Ermənistanın baş naziri Nikol Paşinyan istəyinə nail olub, nə də ki, ona qarşı qiyam qaldıran baş qərargah rəisi Onik Qasparyan. Hər biri dünən qarşı tərəfə istefa çağırışı ilə müraciət etmişdi. Hər ikisinin tələbi havada qaldı. Paşinyan da yerindədir, Onik Qasparyan da. Zaman hər ikisinin və ümumiyyətlə Ermənistanın əleyhinə işləyir."

News24.az xəbər verir ki, bunu "Atlas araşdırmalar Mərkəzi"nin sədri, politoloq  Elxan Şahinoğlu Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən deyib. Politoloq fikrini belə davam etdirib:

"Paşinyanın öz xoşu ilə istefa verməyəcəyi bir daha bəlli oldu. Onun dünən meydana çağırdığı tərəfdarların sayı müxalifətin parlament binası qarşısında topladığı insanlardan ən azı iki dəfə çox idi. Belə vəziyyətdə Paşinyanı devirmək üçün Qasparyan ordunu və tankları meydanlara çıxarmalı və klassik hərbi çevriliş həyata keçirməli idi. Qasparyanın buna ya cəsarəti çatmadı, ya ağalarından müvafiq əmr almamışdı. Buna baxmayaraq, onun istefa vermək fikri də yoxdur. Onu otağından çıxarmaq üçün Baş Qərargahın binasına polis qüvvəsi göndərilməlidir. Buna da Paşinyanın hələ ki, cəsarəti çatmır.

Paşinyanın baş üzərindən hərbi çevriliş təhlükəsi götürülsə də, ona ölkəni idarəetmək çətin olacaq. Kiçik Ermənistan silkələnməkdə davam edəcək, itaətsizlik artacaq. Ermənistanın iqtisadi eksperlərtlərinin sözlərinə görə koronavirus, müharibənin ağır nəticələri və davamlı hakimiyyət-müxalifət qovğası ölkədə bahalaşmanı sürətləndirib, dollar qalxır, maaşların verilməsi gecikir."