İlham Əliyev fərman imzaladı
    • 12-03-2021, 17:48
    • 518

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News24.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənd ləğv edilsin.

2. 3.11-ci bəndin ikinci cümləsində “3.2-ci və 3.8-ci bəndlərində” sözləri “3.8-ci bəndində” sözləri ilə əvəz edilsin.

3. 3.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.17. Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.”.

4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır:”.