85 yaşlı Ədilə nənə "Nikolayın novruzu"ndan danışdı -VİDEO
    • 20-03-2021, 11:15
    • 464

85 yaşlı Ədilə nənə "Nikolayın novruzu"ndan danışdı -VİDEO

“Yadımdadır, səhər yuxudan ayılıb anamızın bizə aldığı yeni paltarları geyinirdik. Əl-üzümüzü yuyub həyətdə bacı, qardaşlarımla bayram tonqalı hazırlayardıq. Ən böyük tonqalın bizimkinin olduğunu düşünərdik. Uşaq idik də...”

Bu sözləri 85 yaşlı Ədilə nənə deyir. 1943-cü ildə 8 yaşı olub. Elə o yaşdan da Novruz bayramının anlamını dərk edib, adət-ənənələri, bayram şirniyyatlarını hazırlamağı, səməni qoymağı öyrənib. 

Ədilə nənə deyir ki, “Nikolayın dövrü”ndə Novruz həyəcanı başqa idi. Həyət-baca əhəng daşı ilə ağardılırdı. Sonra böyük bayram xonçası qurulub masaya qoyulurdu. Hər kəs masa ətrafında toplaşanda ailənin ağbirçəyi kiçik xonça hazırlayıb, evin ən kiçiyinin önünə qoyardı. Deyərdi ki, bu da Novruzun xonçası. 

85 novruzu yola salan Ədilə nənə gəncliyində papaq da atıb, qulaq falına da çıxıb. Uşaqlıqdan bu vaxtadək bayram şirniyyatlarını da özü bişirib. O üzdən indiki cavanlardan bir az gileylidir. Deyir ki, indikilərdə o mehribanlıq, ünsiyyət yoxdur. Üstəlik, gəlinlər də tənbəlləşib, onun kimi "evdən ruzu qoxusu gəlsin" demirlər. Şirniyyatı mağazadan almağa çalışırlar. Ona görə də bayramların dadı-duzu əvvəlki kimi deyil. Amma Novruz mehribanlıq, xoş rəftar, barışıq bayramıdır. Onun adətlərini də, ənənələrini də unutmamalıyıq.

News24.az Ədilə nənənin Novruz xatirələrini təqdim edir: