5 il bundan əvvəl 4 gündən başlayan yol  44 günlük Zəfərə Çatdırdı - Aprel Şəhidlərimizi Anırıq - FOTOLAR - VİDEO
    • 2-04-2021, 16:07
    • 566

5 il bundan əvvəl 4 gündən başlayan yol 44 günlük Zəfərə Çatdırdı - Aprel Şəhidlərimizi Anırıq - FOTOLAR - VİDEO

Bu gün Azərbaycana ilk dəfə torpaqların bir hissəsinin işğaldan azad edilmə sevincini yaşadan, bu yolda gözünü qırpmadan canından keçən 92 zabit və əsgərin cismən aramızdan ayrılmasının – Şəhid olmasının 5 ilidir. 4 günlük Aprel döyüşləri 2020-ci il 23 sentyabr tarixində başlayan və Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin təməli idi. 
Bu qısa müddətli döyüşlərdə Azərbaycan ordusu Lələ təpə yüksəkliyi də daxil olmaqla ümumilikdə 2 min hektardan çox ərazini işğaldan azad etdi.

News24.az xəbər verir ki, Aprel döyüşlərinin 5-ci ilində II Fəxri Xiyabanda izdiham var idi. Döyüşlərin şəhid pilotlarının ailə üzvləri, hərbçi yoldaşları, rəsmi qurumların nümayəndələri onları ziyarətə gəlmişdi. 

Şəhid pilot Urfan Vəlizadənin xanımı Könül Vəlizadə həyat yoldaşı ilə qürur duyduğunu deyir: “Yoldaşım Azərbaycan Hərbi Hava Qüvvələrinin mayor-pilotu idi. 2 aprel 2016-cı ildə Füzuli istiqamətində ekipaj üzvləri Təbriz Musazadə və Əbu Bəkir İsmayılovla birgə Lələ təpənin alınması zamanı qəhrəmancasına şəhid olub. Bu gün 5 il tamam olur. Bu illər ərzində necə yaşamışıq Allah bilir. Balalarım atasız qalsa da qürur duyuruq. Çox şükür bildiyimiz kimi düşmən məğlub oldu. Torpaqlarımız azad oldu. Azərbaycan torpağı çox gözəl övladlar yetişdirir. Bizim ordumuz tükənməzdir. Belə oğullar böyüdən anaların qarşısında baş əyirəm. 44 günlük müharibədə şəhidlərimizin qisası alındı və bizim ürəyimizə su sərpildi. Ürəyimiz rahat oldu ki, övladlarımız gələcəkdə torpaqlarımızın işğal altında olduğu barədə düşünməyəcək. Azad olunan torpaqlarımızda rahat nəfəs ala biləcəklər”.  

U.Vəlizadənin Vətənə əmanət etdiyi qızı Zəhra atası ilə bağlı xatirələrini dilə gətirdi: “Vətənpərvər, mülayim, mehriban, gülərüz insan idi. İşdən evə qayıdanda bizimlə zarafat edir ki, yorğun olduğunu anlamayaq. Bizə nağıllar danışardı. Hətta bu nağılların çoxunu özü qurardı. Tariximizdən, 20 Yanvar faciəsindən, qəhrəmanlarımızdan danışardı”.

Şəhid Təbriz Musazadənin anası Tovuz xanım oğlunun torpağını, bayrağını sevdiyi üçün şəhid məqamına ucaldığını deyir: “Oğlumla fərəh duyuram. O hər zaman başımızı uca edib. Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız işğaldan azad edildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Vətənini sevirdi və torpağına çox bağlıydı. Təbrizsiz bizim üçün çox çətindir”.

Xatırladaq ki, şəhid Təbrizin atası onun yoxluğuna dözməyərək bu hadisədən sonra dünyasını dəyişib. 

Pilotların hərbçi yoldaşları Aprel döyüşlərində hamılıqla böyük qərməmanlıq göstərdiklərini qeyd ediblər: “Döyüşlər zamanı bizim hərbi hissənin heyəti arasında da şəhidlər oldu. Onlar Urfan Vəlizadə, Təbriz Musazadə və Əbu Bəkir İsmayılovdur. Onların hər biri aviabazada xidməti müddətində yüksək rəğbət və diqqət qazanmışdılar. Şəhidlərimiz hər zaman fəxrimiz və qürur yerimizdirlər”. 


Foto / Video: Fərid Şabanov