Kitab satan Qarabağ qazisi: “Məqsədim pul qazanmaq deyil”  - MÜSAHİBƏ
    • 4-04-2021, 10:56
    • 3 667

Kitab satan Qarabağ qazisi: “Məqsədim pul qazanmaq deyil” - MÜSAHİBƏ

Ötən günlərdə kitab satan bir gəncin fotosu sosial mediada həm marağa, həm də narazılığa səbəb oldu. Çünki fotodakı gənc Vətən Müharibəsinin iştirakçısı, qazi Kamran Orucovdur. O,"Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilib. Şəkli görən hər kəs Kamranın ehtiyac üzündən, məcburiyyətdən kitab satdığını düşünürdü.


News24.az olaraq məsələni aydınlaşdırmaq və qazimizlə həmsöhbət olmaq üçün onun səyyar satıcılıq etdiyi ünvana - "Tarqovı"ya üz tutduq.



Söhbətimiz zamanı məlum oldu ki, Kamran idmançıdır. O,  bu sahədəki uğurlu nəticələrinə görə İdman Akademiyasına imtahansız qəbul olunub: "Bu, məni çox qürurlandırdı. Kikboks üzrə yeddi qat Azərbaycan çempionu və iki dəfə Avropa mükafatçısı olmuşam. Dəfələrlə beynəlxalq yarışlardan qalib ayrılmışam. 2012-ci ildə "ilin idmançısı" seçilmişəm". 


Qazimiz kitab satmaqla yanaşı, açıq havada boks dərsləri keçdiyini də dedi: "Pandemiya ilə əlaqədar zallarımız bağlanıb. Bu səbəbdən açıq havada dərslərə başlamışam. Qarabağ müharibəsindən əvvəl də idman dərsləri keçirdim. Bu, mənim çox sevdiyim işimdir. Səhər saatlarında idman, axşam saatlarında isə kitab satışı ilə məşğul oluram. Kitab satışına sentyabr ayından başlamışam".

Həmsöhbətimiz deyir ki, o, Qarabağ döyüşlərinə könüllü yollanıb: "Oktyabrın 9-u könüllü olaraq hərbi xidmətə getdim. Füzuli, eləcə də Xocavənd və Qırmızıbazar isqamətində gedən döyüşlərdə iştirak etdim və biz qələbə qazandıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə güc arzulayıram".


Kamranın kitab satmasına gəlincə, məlum oldu ki, o, bu işi sandığımız kimi ehtiyacdan və ya məcburiyyətdən yox, sevərək görür: "Şəklim sosial şəbəkədə paylaşılandan sonra ona yazılan bəzi şərhlər mənə pis təsir elədi. Orda mənim işlə təmin olunmağımın vacibliyini, ehtiyaclı olduğumu vurğulayırdılar. Amma bilmirlər ki, bu işi sevərək edirəm. Dövlətimizin qayğısı məni qane edir. Üstəlik, qazancım da yetərlidir. Mən gördüyüm işdən zövq alıram. Kitab oxuyan insanlarla ünsiyyət qurmaq mənim üçün çox xoşdur".

Qazimiz onu da qeyd etdi ki, kitab satmaqda məqsədi yalnız pul qazanmaq deyil: "Gününü kitablarla keçirmək insana stimul verir. Ən əsası isə bu işdə öz məqsədim var. İstəyirəm ki, gənc nəsillərin kitaba və elmə marağının artmasında xidmətim olsun. Bu işdə az da olsa, payımın olmasını istəyirəm".


Müxbir: Məhərrəm Əliyev
Video: Hüseyn Həsənov