Behrudidən 17 yaşlı qardaşı oğlu haqda ÜRƏKDAĞLAYAN SÖZLƏR:
    • 27-04-2021, 18:18
    • 859

Behrudidən 17 yaşlı qardaşı oğlu haqda ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Telefona səsini yazıb qoyub..."

“Elə indicə 17 yaşım olur. Böyümənin verdiyi məsuliyyəti düşündükcə təbii olaraq kefim pozulur. Ancaq sonra həmin əziyyətlərin vəd etdiyi həyatı səbirsizliklə gözləyirəm…”

Bu sözləri ötən gecə özünü 15-ci mərtəbədən ataraq səbirsizliklə gözlədiyi həyatına qıyan tanınmış şair Rüstəm Behrudinin qardaşı oğlu İsa Alməmmədli yanvar ayında, doğum günündə yazıb. Ancaq o, birincini seçdi, bəlkə də məsuliyyəti düşündükcə kefi pozuldu” və səbirsizliklə gözlədiyi əziyyətlərin vəd etdiyi həyatına son qoydu.
17 yaşında...

Deyirdi ki, rəqəmləri çox sevirəm, yaşımı artıranları isə bir başqa. Onu var edən, İsa olmağına səbəb olan şəxslərə isə ayrıca təşəkkür edib.
Bu gün isə İsanın var olmasına görə təşəkkür etdikləri onu son mənzilə yola salmaq üçün Mehdiabad qəsəbə qəbiristanlığına toplaşmışdı. İsanın atası, qardaşları, doğmaları, dostları, sinif yoldaşları onu göz yaşları içində torpağa qoydular.

İsa artıq göylərdədir...

İsanın atası İlham Behrud qardaşlarının tabutuna sarılaraq onu son mənzilə uğurlayan oğullarına üz tutub bu sözləri hayqırdı: “Qurtara bilmədik onu, İsanı yaşada bilmədik... O, artıq göylərdədir”.
İsanın təhsil aldığı “Hədəf” liseyinin qurucusu, yazıçı Şəmil Sadiq də ziyarətçilər arasında idi. Ən savadlı, ağıllı, zəkalı şagirdini itirmişdi... Gözləri İsa üçün yaşla dolmuşdu.

İlham Behrud Şəmil Sadiqə üzünü tutaraq: “Deyirdiniz ki, İsa qırmızı attestatla orta məktəbi bitirəcək. O, həm də sizin övladınız idi... Bağışlayın, qoruya bilmədim onu...”

Qardaşı oğlunun dəfnində iştirak edən Rüstəm Behrudi bildirdi ki, mən ölümdən yazan insanam, dar ağacına salam vermişəm, ölümə xoş gəlmisən demişəm, ancaq bu ölümü hələ də başa düşə bilmirəm. R.Behrudi burada başa düşmədiyimiz tamam başqa şeylərin olduğunu güman edir: “Bu şeyləri yazan biri olaraq bunu başa düşmürəm. İsanın ölümü mənə onun qeyri-adi biri olduğu üçün təsir edir. 17 yaşı olmasına baxmayaraq, 50-60 yaşlı elm adamları ilə oturub elmi söhbətlər, mübahisələr edəcək ağıla sahib idi, mütaliəli idi. Bir həftə öncə görüşdüm, tez-tez mənə salam verib gedirdi. Gəldi, danışdı mənimlə, onun gələcəyinə, Behrudilər ailəsinin gələcəyinə dair söhbət etdik. O da planlarından danışdı, dedi ki, əmi, mən gələcəkdə bu işləri görəcəm. Həmişə ailələr bir yerə topalaşardıq. Pandemiya dövrü olduğuna görə bir yerə yığışa bilmədik. Bu söhbətlərdən sonra çıxdı getdi, bir daha onu görmədim”.

Yaşamaqdan əziyyət çəkirəm...

Şair bildirib ki, İsanın intiharı onun üçün çox ağırdır: “Hələ də qəbul edə bilmirəm. Telefona səsini yazıb qoyub ki, “bir neçə ildir ki, yaşamaqdan əziyyət çəkirəm, artıq yaşaya bilmirəm. Siz məni bağışlayın, buna görə də intihar edirəm”. Çox ağır bir şeydir”.


R.Behrudinin sözlərinə görə, ortada heç bir səbəb də yoxdur. İsa intihar etməmişdən öncə Türkiyədəki qardaşına görüntülü zəng edib. Qardaşı isə İsanın intihar edəcəyini hiss edib və dərhal yaxınlarına xəbər verib. Ancaq... Hər şey gec olub: “Biz qohumlarımızla eyni binada yaşayırıq. Hamısı öz qohum-qardaşımızdır. İsanın qardaşı bacım oğluna zəng edib ki, təcili 15-ci mərtəbəyə qalx, gör İsa neyləyir. Amma gecikib, gedəndə görüb ki, intihar edib. Belə gənclər indi çox azdır, nadir gəlirlər dünyaya. İsanın düşüncəsi fərqli idi, çox geniş düşüncəyə sahib idi”.

Əmisinin dediyinə görə, elə ad günündə də yazdığı kimi, İsa atasına, anasına, ailəsinə, doğmalarına çox bağlı olub. R.Behrudi onun qapalı biri olmadığını deyir. Dostları ilə görüşər, çay içər, vaxtını səmərəli keçirərmiş. İsanın intihar edəcəyini heç kəs ağlına gətirmirmiş.


Onlar yaşamaq qorxusundan ölürlər.

R.Behrudi hər dəfə adamların müxtəlif şəkildə ölmələri ilə özünün ölüm haqqında bütün təsəvvürlərini alt-üst etdiklərini deyib: “Ölümün mahiyyətini, ölümün nə olduğunu, necə baş verdiyini biz bilirik. İsanın intiharı isə sıradan bir ölüm deyil, mənim düşüncələrimi alt-üst etdi. Düşüncəli, savadlı 17 yaşlı bir gənc qəfildən səbəbsiz intihar edir. Ölüm hər dəfə yeni şəkildə, dəyişilmiş mahiyyətlə qarşımıza çıxır. Ölkədə hər gün nə qədər intihar baş verir”.
Rüstəm Behrudi İsanın intiharından əvvəl bir yazı qeydə alıb. Yazıb ki, “Ölüm yaşamaq ölümdən qorxulu olduğu anda baş verir, yaşamaq o qədər qorxuludur ki, insanlar ölmək istəyirlər. Onlar yaşamaq qorxusundan ölürlər”. Deyir amma İsanın ölümü necədirsə, bəlli deyil. Bilinmir.
Bəlkə də yaşamaq qorxusudur, bəlkə də deyil. Bəlkə də İsanın özünün qeyd etdiyi “30 il sonrakı özünə onu çox qısqanmasıdır”.


Çoxlu bəlkələr, kaşlar...
Tər qızıl güllər 17 yaşlı İsanın məzarına düzülür, ailəsinə başsağlığı verilir, əllər sıxılır, məzarlıq tərk edilir... İsa artıq göylərdədir.
Allah rəhmət etsin!  / PUblika.az/