Şəhidin məzarının ətrafını kim dağıdıb? - VİDEO
    • 27-05-2021, 18:14
    • 626

Şəhidin məzarının ətrafını kim dağıdıb? - VİDEO

Xaçmaz rayonunun Maqsudkənd kəndində Vətən müharibəsi şəhidi Səbuhi Hüseynlinin məzarının ətrafı dağıdılıb.

News24.az-a daxil olan məlumata görə, məzarı əhatələyən çəpər sökülərək götürülüb, əkilən çiçəklər qoparılıb. Bunun kim tərəfindən, hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün 23 yaşlı şəhidimizin anası Samirə Əhmədxanova ilə əlaqə saxladıq.
Ana övladının Maqsudkənd qəbristanlığında dəfn olunduğu qeyd edərək məzarın ətrafının dağıdılmasında gəlini Lamiyə Hüseynlini ittiham etdi: “Bu işi ondan başqa heç kim eləməz. O, bunu mənə acıq vermək üçün edib. Əvvəllər münasibətimiz yaxşı idi. O vaxta qədər ki, ona oğlumun şəhid olmasına görə 9 min manat verdilər. O pulu alan kimi çıxıb getdi. Sonra xəbər tutdum ki, dövlətdən dəfn üçün 3 min manat da alıb. Əsəbləşdim, dedim, o pulu iki yerə bölün. Mən yas verirəm, köməyə ehtiyacım var. Nahaq o pulun hamısını həyat yoldaşına vermisiz. O pulun heç olmazsa 500 manatını mənə verərdiz. Balamın məzarınınn ətrafını dekorativ güllərlə doldurmuşdum. İndi heç nə qalmayıb. Çəpər götürülüb, güllərdən də əsər-əlamət yoxdur. Bununla bağlı polisə müraciət də etmişəm. Onun özünə də, gələn şəxslərə də demişəm ki, mənə heç bir qəpik də lazım deyil. Amma gəlin məni günahkar çıxarmağa çalışır. İstəyir ki, mənə ev-filan verilməsin. Belə hərəkətlər edib məni qıcıqlandırmağa çalışır”.

Məsələ ilə bağlı qayınanası tərəfindən ittiham olunan şəhidin həyat yoldaşı Lamiyə xanımla da əlaqə saxladıq. O da şəhidin məzarının ətrafının sökülməsinin qayınanası Samirə Əhmədxanovanın əməli olduğunu iddia etdi: “Qayınanamın məndə səs yazısı var. Yoldaşımın qəbrini dağıdıb. Apardığım əklilləri, butetləri atıb. Mənim heç nədən xəbərim yoxdur. O, məni şərləmək istəyir. Anlamıram, məni nəyə əsasən günahlandırır? Sübutu var?! Ötən gün yoldaşımın qırx mərasimi idi. Qəbri ziyarət etmişəm, güllər aparmışam. Məni təhdid edir ki, ayağını qəbristanlığa dəyməyə qoymayacam. Yoldaşım vəfat edəndən bu yana zülmdəyəm. Aldığım pula gəlincə, onu dövlət övladıma verib. Oğlum şəhidin varisidir axı... Bəs, mən nə edim? 23 yaşım var. Balamı nə ilə böyüdüm? O pul veriləndən sonra mənə qarşı münasibəti dəyişdi. Mən də övladımı götürüb evdən çıxdım. Biz həmişə küsülü olmuşuq. Sadəcə, Səbuhiyə görə barışdım onunla”.

Şəhid məzarının ətrafının sökülməsi ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən News24.az-a bildirildi ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, şəhid Səbuhi Hüseynli sentyabrın 27-si döyüşlərə qatılıb. Öncə Ağdam, daha sonra isə Füzuli istiqamətində döyüşlərdə kəşfiyyatçı-rabitəçi olub.  Xocavənd uğrunda gedən döyüşlərdə Zərdüşən kəndində başından qəlpə yarası alıb. Aldığı yaradan 6 ay komada qalıb. Müalicələrə rəğmən, onu xilas etmək mümkün olmayıb. 

Teymur Məmmədov