103 ilin məsuliyyəti - Zahidov və Hacıyevin POLİS GÜNÜ TƏƏSSÜRATI
    • 2-07-2021, 15:34
    • 1 280

103 ilin məsuliyyəti - Zahidov və Hacıyevin POLİS GÜNÜ TƏƏSSÜRATI

Azərbaycan Polisinin yaranmasından 103 il ötür.

News24.az xəbər verir ki, bu gün işinə ləyaqətlə yanaşan, öz vəzifəsini layiqincə yerinə yetirən, daim asayişi qoruyan, cəmiyyətdə tarazlığı saxlayan vicdanlı polislərin günüdür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında Azərbaycan polisini belə təbrik edib: “Cəmiyyətimiz, ictimaiyyətimiz çox yaxşı görür ki, Azərbaycan polisi bu gün 3 cəbhədə mübarizə aparır: cinayətkarlarlıq, pandemiya və işğaldan azad edilən torpaqlarımızda ictimai asayişin qorunmasında. Belə bir çətin və məsuliyyətli dövrdə Azərbaycan polisi 103-cü ildönümünü qeyd edir. Polisin fəaliyyəti ölkəmizin başçısı Cənab İlham Əliyev və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Ona görə də, mən bu gün Azərbaycan polisinə çətin və məsuliyyətli xidmətlərində uğurlar arzu edirəm. Dövlətə, xalqa xidmətdən heç vaxt əksik olmasınlar.”

Ehsan Zahidov DİN-də islahatların baş tutduğunu və bundan sonra da davamlı olacağını bildirdi: “Son dövrlər hüquq-mühafizə sistemində, o cümlədən, daxili işlər orqanlarında çox sayda dünya standartlarına cavab verən dəyişikliklər olub. Bu cür islahatlar yenə də davam edir. Azərbaycan polisi artıq dünyanın sayılıb-seçilən ölkələrinin analoji qurumları ilə müqayisə edilir. Azərbaycan polisinin beynəlxalq aləmdə nüfuzu yüksəkdir”.  


DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev 103 -cü ildönümünü qeyd edən Azərbaycan polisinin bu müddət ərzində şərəfli xidmət yolu keçərək, böyük təcrübə qazandığını bildirib: “Bu gün Azərbaycan polisinin fəaliyyəti, cəmiyyətdə yeri, rolu və cinayətkarlıqla mübarizədə fəaliyyəti göz önündədir.

Bunun nəticəsidir ki, maddi-texniki bazası ildən-ilə zənginləşən, möhkəmlənən Azərbaycan polisinin fəaliyyətində başlıca meyar vətəndaşın təhlükəsizliyi, hüquq və azadlıqlarının müdafiəsi, qorunmasıdır. Bununla bağlı Azərbaycan cəmiyyətində ümumən hüquq qaydasının qorunması işində hər bir polis əməkdaşının qarşısında dayanan əsas vəzifə vətəndaş məmnunluğunun təmin olunmasıdır. Hər bir polis əməkdaşından bu, tələb olunur. Polislər xidmətdə və şəxsi həyatda nümunə olmalı, birgə yaşayış qaydalarına, normalarına əməl etməli, cəmiyyətin çağırışlarına çevik və operativ reaksiya verməlidir. Bundan ötrü daxili işlər orqanları sistemində işin perspektivliyi, vətəndaş-polis, polis-vətəndaş, polis-cəmiyyət münasibətlərinin qurulması, möhkəmlənməsi və daha yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 


Dövlət rəhbərliyinin ali diqqətinin, qayğısının nəticəsidir ki, bu gün polis orqanları dünyanın qabaqcıl ölkələrinin təcrübəsində istifadə olunan ən son informasiya elektron texnologiyaları ilə təmin edilib. Onun təhcizatı xüsusi vasitələrin, nəqliyyat vasitələrinin polis əməkdaşlarının istifadəsinə verilməsi, polisə olan qayğının bariz nümunəsidir. Dövlət hər bir halda maraqlıdır ki, Azərbaycan cəmiyyətində ictimai qayda əleyhinə hansısa neqativ hal baş verməsin. Əgər baş verərsə, qarşısı vaxtında alınsın, müvafiq tədbirlər görülsün. 103 ilin məsuliyyəti hər bir polis əməkdaşını daha yaxşı işləməyə, effektiv fəaliyyət göstərməyə təşviq edən əsas meyardır. Vətən müharibəsi dövründə, komendant saatı ərzində, pandemiya şəraitində sanitar-epidemioloji qaydaların qorunmasında, beynəlxalq idman yarışlarında polis əməkdaşlarının fəaliyyəti göz önündə olub. Bu münasibətlə xidmətdə fərqlənən, yaxşı nümunə göstərən, polis-vətəndaş münasibətlərinin möhkəmlənməsində səyi olan hər bir əməkdaşı, eləcə də, veteranları təbrik edirəm.”

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən Müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri də qatılıb. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən Müharibəsində 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.