"Dünənki vulkan püskürməsində ölən və yaralananların olması şayiədir" - Qurban Yetirmişli
    • 5-07-2021, 12:15
    • 797

"Dünənki vulkan püskürməsində ölən və yaralananların olması şayiədir" - Qurban Yetirmişli

"Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Daşlı ada əvvəllər vulkan püskürməsi nəticəsində yaranıb. Sonrakı tədqiqatlar və araşdırmalar onu göstərdi ki, dünənki vulkan 8 dəqiqə püskürüb, 20-25 saniyə çəkib, hündürlüyü 50-60 metr olub. 1 kilometr dərinlikdə yerləşib". 

News24.az xəbər verir ki, bunu Xəzər dənizində baş vermiş vulkanla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, ölənlər və yaralananların olması şayiədən başqa bir şey deyil: "Biz dəqiqliklə analiz edib, hansı qazların olduğunu, tərkibini, süxurları və s. öyrənəcəyik. Palçıq vulkanları, eləcə də, zəlzələlərin genetik mənşəyini araşdıranda görürük ki, bir-birləri ilə sıx bağlıdır".

 Q.Yetirmişlinin sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub: "Daşlı adada vulkan çoxdan püskürmürdü, axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur".