"Bunu edə bilməsəm, demək ki, yaxşı rektor olmamışam"
    • 22-07-2021, 18:15
    • 479

"Bunu edə bilməsəm, demək ki, yaxşı rektor olmamışam"

Azərbaycan Texniki Universitedində son 2 il ərzində 8 fakültə 7 fakültə ilə əvəz edilib, 2 fakültə birləşdirilib. 

News24.az xəbər verir ki, bunu 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə onlayn görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib.

Rektor əlavə edib ki, bu müddət ərzində 40-a yaxın kafedra 20-yə qədər endirilib: "Bunlar islahatlar nəticəsində bir-birini tamamlayan, təhsil və tədqiqatda bir-birinə mane olan kafedraları bağlamışıq. Mən işlədiyim universitetdə rüşvət olmamalıdır. Bütün məsələmiz rüşvətin kökünü kəsmək deyil, elə sistem olmalıdır ki, ümumiyyətlə rüşvət olmasın. İşlər elə qurulmalıdır ki, rüşvətə yer olmasın. Apardığımız islahatların canında da bu durur. Bu sistem neqativ halların olmasına imkan verməməlidir. Bu sistem qurulmasa neqativ hallar baş alıb gedər. Əsas hədəflərimiz bu cür sistem qurmaqla bütün neqativ halların qarşısını almaqdır. Mənim niyyətim və məqsədim rəhbərlik etdiyim universitetdə müəyyən sistem yaratmaqdır. O sistem ki, mən buradan ayrılandan sonra da tətbiq olunsun və hər kəs bu sistemdən razılığını ifadə eləsin. Bunu edə bilməsəm mən demək ki, yaxşı rektor olmamışam”. 

V.Vəliyev daha sonra yerli mətbuat nümayəndələrini Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə təbrik edib, onlara gələcək uğurlar diləyib.