"Bu işi bilən də, bilməyən də film çəkir..."- Tanınmışların Kino günü təəssüratı
    • 2-08-2021, 15:34
    • 831

"Bu işi bilən də, bilməyən də film çəkir..."- Tanınmışların Kino günü təəssüratı

Bu gün Azərbaycan Kinosu Günüdür. 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

News24.az olaraq ömrünü kinoya həsr edən sənətkarlarla bu günün təəssüratını bölüşdük.

Xalq artisti Rasim Balayev bildirib ki, ən böyük arzularından biri Qarabağda filmə çəkilməkdir: "Hazırda durğunluq dövrünü yaşayırıq, amma kənardan eşidirəm ki, yeni filmlər çəkiləcək. Artıq bununla bağlı işlərə start verilib. Bu elə bir sənətdir ki, inkişaf dövrünü də yaşaya bilər, əksini də. Düşünürəm ki, hər şey yavaş-yavaş öz qaydasına düşəcək. Hər il Kino günü ilə bağlı jurnalistlər məndən arzularımı soruşanda, deyirdim ki, ən böyük istəyim Qarabağın geri alınmasıdır. Çox şükür, bu böyük arzuma çatdım. Özümü xoşbəxt hiss edirəm".

Aktyor kamera və kino üçün çox darıxdığını da deyib: "Ömrümün 45 ilini bu sənətə vermişəm. Necə darıxmaya bilərəm? İndi mənasız seriallar çoxdur. Bu sözlərimə görə məndən inciyirlər, amma reallıq budur. Baxırsan ki, efirdə filan serialın 400-cü bölümü yayımlanır. Belə uzatmaq nəyə lazımdır? Bunlar bu ekran işləri ilə tamaşaçıya nə demək istəyirlər? Nəyi təbliğ edirlər anlamıram. Boş-boş söhbətlər çoxdur. Kino sənəti uzun mətni sevmir. Bu iş təsviri sənətdir. Kino teatrdan fərqlənir. İndi bu işi bilən də, bilməyən də kino çəkir. Mən də kinomuzun inkişafını görmək istəyirəm. O günü səbirsizliklə gözləyirəm. İnanıram ki, ələnib-ələnib yeni, istedadlı nəsil yetişəcək. Əvvəllər pis və yaxud da yaxşı bir struktur var idi. İndi o pozulub. Yenisini də tapa bilmədilər. Mən kinonun qaynar vaxtına düşdüm. Aktyor da işdə yetişir. İndikilər harda yetişsinlər?! Rasim Balayev gəldi-getdi, amma inanıram ki, yeni istedadlar yetişəcək. Tamaşaçıları qane edən aktyorlar olacaq. Düzdür, buna illər lazımdır, amma olacaq. Qabiliyyətli aktyorlar var, amma burda iş təkçə aktyor oyunundan asılı deyil".

R. Balayev çəkildiyi "İfşa" serialından da söhbət açıb: "Orda çox balaca bir epizoda çəkilmişəm. Getmək istəmirdim, amma xahiş elədilər, çəkildim. 1-2 saatlıq iş idi. Tam filmə baxmamışam, ona görə necə alınması haqda fikirimi deyə bilmərəm".

Xalq artisti Həmidə Ömərova da Kino günü ilə bağlı həmkarı ilə eyni qənaətdədir: "Bütün aktyorların qəlbində bir niskil var. Səhnə, kino, ekran üçün çox darıxmışıq. Amma deyərdim ki, hazırda seriallarda inkişaf var. Düzdür, serial kommersiya xarakteri daşıyır, amma baxımlılıq varsa, demək, nkişaf var. Elə ekran işləri var ki, illərlə yayımlanır. Deməli, təlabat var. İndi seriallarda gənc aktyorlarla yanaşı, təcrübəlilər də çəkilir. Amma yaxşı kino sayı azdır. Festivallarda ölkəmizi təmsil edən ekran işləri barmaqla sayılacaq qədərdir. Etiraf edək ki, bu prosess dünya kinosunda da yaşanır. Dünya təcrübəsinə nəzər salsaq görə bilərik ki, çəkilən filmlərin 90 faizi kommersiya xarakteri daşıyır, geridə qalan 10 faizi müəllif işidir".

Aktrisanın sözlərinə görə, daim tələbatlı olan komediya janrında sanballı filmlər də çox azdır: "İnsanlar problemlərini, həyatın acısını unutmaq üçün komediyaya baxır. Çünki dram janrı insanlarda gərginlik yaradır. Bu janrdakı filmlərin də bir qismi kommersiya, bir qismi mədəniyyətin inkişafına xidmət məqsədiylə çəkilir. İnsanları həm güldürən, həm də düşündürən komediyalar azdır. Əksəriyyəti tamaşaçını yalnız güldürmək üçün çəkilir. Azərbaycan kinosunda Vaqif Mustafayev imzası var. O da qara komediyalar çəkib. Bizdə indi komediya ustası yoxdur, amma olacaq. Çünki istedadlı gənclərimiz yetişir".