66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə tələbə qəbulu aparılacaq
    • 10-08-2021, 12:18
    • 237

66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə tələbə qəbulu aparılacaq

10 avqust tarixində peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna dair mətbuat konfransı keçirilib.

News24.az-ın məlumatına görə tədbirin açılışında çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov yeni tədris ilində peşə təhsilinin əhatə dairəsinə və qəbul prosesinə dair məlumatları bölüşüb.

Hazırda sözügedən təhsil pilləsinə olan maraq və əmək bazarının tələbləri nəzərə alaraq, cari tədris ilində qəbul planının artırıldığı və 20 qədər yeni ixtisasın qəbul planına əlavə edildiyi bildirilib.

Mətbuat konfransında Agentlik rəsmiləri tərəfindən tələbə qəbulu üzrə qaydalar barədə geniş məlumat verilib.

Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə 10-20 avqust tarixləri ərzində “portal.edu.az”  platforması vasitəsilə elektron qaydada həyata keçiriləcək tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

Həmçinin konfrans zamanı yeni tədris ilində ilk dəfə olaraq, 15 ixtisas üzrə 840 tələbə yerinin ayrıldığı yüksək texniki peşə təhsil səviyyəsinə qəbul barədə geniş məlumat verilib. 

Qeyd olunub ki, yüksək texniki peşə təhsil peşə təhsilinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını həyata keçirir. Qəbulun əsas məqsədi müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki kadr hazırlığını həyata keçirməkdir.

Qeyd olunanlarla yanaşı tədbir zamanı qeydiyyatla bağlı təlimat videosu nümayiş etdirilib, qəbul prosesi ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirilib. 

Sonda, Agentlik rəsmiləri tərəfindən media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.