-
- 11-08-2021, 16:22
- 549
12-dən sonra evdən çıxmayın! - HƏKİMLƏR XƏBƏRDARLIQ EDİR
Yay boyu müşahidə elədiyimiz yüksək temperaturlu günlərin daha biri sabah olacaq. Ölkə ərazisində +43 dərəcə isti olacağı gözlənilir.
Təbii ki, belə yüksək temperaturlu havalarda mütəxəssislər insanlara zərurət olmadığı halda çölə çıxmamağı, açıq havada gəzməməyi tövsiyə edirlər.
Bəs, görəsən hansı xəstəlikdən əziyyət çəkənlər qızmar havada özlərini qorumalıdırlar?
Terapevt Sevinc Zeynalova News24.az-a açıqlamasında bildirib ki, meteohəssas insanların belə havalarda çölə çıxmaqdan yayınmalıdırlar: "Daha çox ürək-damar sistemində problemləri olan xəstələrin, yaşlı insanların, hamilələrin belə isti havalarda çölə çıxmaları məsləhət deyil. Həmin adamlarda aşırı tərləmə bədəndə mineralların itməsinə gətirib çıxarır ki, bu da ürəkdə ciddi problemlər yarada bilər. Eyni zamanda təzyiq düşə, ürək ritmi pozula, burun qanaması, yaxud qan laxtalanması yarana bilər. Belə xəstələr həmişə ehtiyatlı davranmalı, günün isti saatlarında havaya çıxmamalıdırlar. Səhər saat 12-yədək, axşam isə 6-dan sonra çölə çıxa bilərlər".
Həkim həmçinin günvurma hallarında ilkin tibbi yardımın necə göstərilməsini də izah edib: "Həmin xəstə ilk növbədə kölgəyə aparılmalı, üzünə su vurulmalıdır. Ətrafına insanların toplanmasına imkan verilməməlidir. Bəzən görürük, xəstənin halı pis olur, insanlar da başına yığılır. Bu zaman da oksigenin miqdarı azalır və günvuran şəxsin halı daha da pisləşir".
Pediatr Nigar Həşimova da valideynlərə isti havalarda uşaqları günün istisində açıq havaya çıxarmaqdan çəkinməyi tövsiyə edib: "Uşaqlar D vitaminini günün birinci yarısında almalıdır. Bu baxımdan azyaşlıların isti havalarda səhər onun yarısına qədər, axşam isə səkkizdən sonra çıxarmaları məsləhətdir. Amma bu günlərdə elə axşam saatlarında da havalar çox isti keçir. Bu səbəbdən də valideynlər övladlarını daha sərin məkanlara aparsalar, çox yaxşı olardı. Dənizə, parka gedəndə də səhər tezdən, yaxud axşam saatlarında aparmaları məqsədəuyğundur. Çünki əks halda burun qanaması, baş gicəllənmə, özündən getmə, ishal halları ola bilər. Hazırda uşaqqların əksəriyyəti qan azlığından əziyyət çəkir, ona görə də belə havalar onlara əks təsir göstərə bilər. Lakin payız aylarında bu zamanı günorta saat 12-ə qədər uzatmaq olar".