-
- 13-08-2021, 14:49
- 625
Şahbaz Xuduoğlu: "Müəllimlik peşəsi stimullaşdırılmalıdır"
“Azərbaycan təhsilində ciddi problemlər illərdir davam edir. Bunun çox böyük səbəbləri var. İlk məsələ dərsliklərin keyfiyyətinin aşağı olmasından qaynaqlanır. İkinci təhsil sisteminin dağılıb yenidən qurulmağa cəhd edilməsidir. Görünən odur ki, atılan addımlar kifayət deyil. Təbii ki, təhsilin keyfiyyətinin aşağı düşməsində pandemiyanın da öz rolu var”.
Bunu News24.az-a açıqlamasında “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib.
O bildirib ki, sadalanan problemləri aradan qaldırmaq üçün ciddi islahatlara ehtiyac var: “Müəllimlərin sosial həyatı mütləq qaydada dəyişməlidir. Müəllimlik peşəsi stimullaşdırılmalıdır. Əgər bu, baş verməsə, hər hansı inkişafdan danışa bilmərik.
Finlandiya təhsilini nümunə götürə bilərik. Şəxsi bacarıqlara görə abituriyentlərin qiymətləndirilməsi effektiv variant kimi istifadə edilə bilər. Təhsil heç də hamını peşə sahibi və istedadlı biri etmir. Sadəcə insanın daxilindəki bacarığı göstərən bir yoldur. Ümid edirəm ki, digər sahələrdə olan inkişaf təhsildə də özünü büruzə verəcək”.