Tarixi və strateji səfər - Millət vəkilləri Prezidentin Kəlbəcər və Laçına səfərini dəyərləndirdilər
    • 17-08-2021, 14:47
    • 780

Tarixi və strateji səfər - Millət vəkilləri Prezidentin Kəlbəcər və Laçına səfərini dəyərləndirdilər

Dünən Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan, Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub. Həmçinin avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

 Bəs, mövqelərimizin atəşə tutulduğu ərəfədə Prezident İlham Əliyevin və xanımının Kəlbəcər, Laçın rayonlarına səfəri hansı mesajı verir?

News24.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Arzu Nağıyev bildirib ki, ölkə başçısının Kəlbəcər və Laçına səfəri təkcə regional dövlətlərə deyil, ümumən beynəlxalq səviyyədə verilən bir mesajdır: “Ermənistan tərəfi təxribata əl atsa da, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini həll etməsə də, biz hərtərəfli öz problemlərimizi həll etməyə çalışırıq və müharibə fazasının başa çatdığını dünyaya bəyan edirik. Biz quruculuq işləri ilə məşğuluq”.

Asim Mollazadə hesab edir ki, İlham Əliyevin səfərində ən əsas məqsəd “Böyük Qayıdış” planına nəzarətdir: “Azərbaycanın məqsədi sülh və stabillikdir. Prezident bölgədə sabitliyi yaratmaq üçün zəruri addımlar ata bilmə potensialında olduğunu göstərib. Bununla yanaşı o, "Dəmir yumruğ"un yerində olduğunu qeyd edib. Azərbaycanın kifayət qədər gücü var ki, istənilən təxribata layiqincə cavab versin”.

Hikmət Babaoğlu prezidentin Kəlbəcər və Laçın rayonlarına səfərinin mühüm tarixi və strateji əhəmiyyətə malik olduğunu deyib: “İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verdi. Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır”.

Deputat vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədə bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan mərkəzlərə, ermənipərəst və islamofob dairələrə sübut etdi: “Qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” mifi dağıdıldı. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi, ancaq əliyalın insanlarla müharibə aparmaq qabiliyyətinə malik olan erməni cəlladları qaçıb gizləndilər. Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan kimi canilər rəşadətli Ordumuzun qarşısına çıxmaqdan qorxaraq Yerevana qaçdılar. Azərbaycan Silahlı Qüvvələri “yenilməz erməni ordusu” mifini də darmadağın edərək təcavüzkar qüvvələrə layiqli cəza verdi. Bunu görmək istəyənlər xalqımızın çoxəsrlik tarixinin  bənzərsiz qələbəsi olan tarixi Zəfərimizin rəmzi kimi çıxış edən Hərbi Qənimətlər Parkına nəzər salsınlar”.

Millət vəkili bəhs olunan səfər zamanı ölkə başçısının  Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı: “Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir. 

Bunlarla yanaşı, dövlətimizin başçısı Azərbaycanın strateji hədəfləri, perspektivə baxışı və çoxşaxəli fəaliyyət istiqamətləri ilə əlaqədar konkret məsələlərə toxundu. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin Böyük Qayıdışı ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı.  Dövlətimizin başçısının “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq” fikirləri isə qəti iradənin, əzmin və prinsipial mövqeyinin ifadəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün strateji hədəflərinə addım-addım irəlilədiyini göstərir”.

Siyasət şöbəsi