Əli Əhmədov: "Ailədə qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilməlidir"
    • 15-11-2018, 11:45
    • 676

Əli Əhmədov: "Ailədə qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilməlidir"

"Hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də odur ki, bütövlükdə ailə sferasında qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilsin və onların kiçik və orta sahibkarlıqla, məşğulluqla, özünüməşgulluqda iştirak etmək imkanları genişləndirilsin. Bu da hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir".

Bunu baş nazirin müavini Əli Əhmədov "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq" adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, məktəblərdə uzun təhsil saatlarının və qrafiklərinin tərtib edilməsi bir yandan uşaqların tərbiyə olunması məqsədi güdürsə, digər yandan qadın əməyinin yüngülləşdirilməsi məqsədi daşıyır.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğul olma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir: "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır".
O əlavə edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tədbiq edilir: "Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünəməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadınların özünəməşğulluq layihələrini həyata keçirilməsini təmin etməkdə maraqlı olacaqlar. Azərbaycanda özünəməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər".

//Report