"Azərbaycanda qadın sahibkarlığının..." - Əli Əhmədov
    • 18-11-2019, 12:17
    • 767

"Azərbaycanda qadın sahibkarlığının..." - Əli Əhmədov

"Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir".

News24.az xəbər verir ki, bu fikri “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” II Forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, bu, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin qadın sahibkarlarının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir: "Mən artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyini və iqtisadiyyat sahəsində də qadınların iştirakının şahidi oluram. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə böyük islahatlar həyata keçirildi. Minimum əməkhaqları, pensiyalar ciddi şəkildə artırıldı. Təxminən iki dəfəyə qədər artım oldu. Əməkhaqları 20 faizdən 50 faizə qədər artırılıb".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı imkan verdiyi çərçivədə prezident ve hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq: "İnsanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır. Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə, təhsildə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhvə verirlər".

Afaq Mirayiq