-
- 31-08-2021, 16:02
- 498
"Vaksin vurduran hər kəsi yoxlamaq MÜMKÜN DEYİL" - İNFEKSİONİST
“Çox sayda insana vaksin vurulduğu üçün hər kəsi yoxlamaq mümkün deyil”.
Bunu News24.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
O bildirib ki, vaksin vurulmadan öncə yoxlama bu formada həyata keçirilməlidir: “Əvvəlcə analiz toplanılmalıdır. Analizdə isə vətəndaşların əvvəllər allergik xəstəlikləri olub-olmamasına baxılmalıdır. Peyvənd, dərman və ya hər hansı qidaya qarşı allergiyası olanlar buna nümunədir. Həmçinin təzyiq yoxlanılmalıdır. Şəxsdə əvvəllər və ya indi allergik proseslər müşahidə edilibsə, bəzi allergiya testləri var ki onları yoxlamaq lazımdır. Açığı bizim dövlət xəstəxanalarında İmmunoqlobulin E göstəricilərini ölçmək mümkün deyil. Bunu vətəndaş ancaq öz büdcəsi hesabına özəl xəstəxanalarda yoxlaya bilər”.
İnfeksionist vurğulayıb ki, bizdə bu proses sorğu-müayinə formasında həyata keçirilir: “Gün ərzində 500-800 nəfərə qədər insan peyvənd vurdurmaq istəyir. Hamını əhatəli, hərtərəfli yoxlamaq mümkün deyil. Allergiyası olanların qan analizi üçün vaxt lazımdır. Hər kəs bu analizi versə, yüklənmə ola bilər. Hamının analiz verməsinə ehtiyac da yoxdur. Kimdəsə şübhəli məqam varsa, o analiz verməlidir. Vətəndaş yaxınlaşıb, şikayətini gizlətdiyi halda biz bütün analizlərini də yoxlaya bilmərik”.
M.Əliyev bəzi analizlərin dövlət xəstəxanalarında olmadığını qeyd edib: “Xəstənin rəngində şübhəli məqam hiss etdiyimiz anda qanın ümumi analizini edirik. Xəstə allergiyası olduğunu bildirəndə bizdə testlər olmadığı üçün özəl xəstəxanalara yönəldirik. Əgər allergiyanın dərəcəsi yüksəkdirsə, vaksin vurulmur".
İnfeksionist əks göstəriş sertifikatının ağır xəstələrə verildiyini deyib: “98 faiz allergiyası olan insanlara vaksin vurulur. Yalnız ağır formada allergiyası olanlara vaksin vurulmur. Əgər bir şəxs nə vaxtsa vaksin vurdurubsa və allergiyası yaranıbsa, deməli, həmin şəxsdə vaksinin komponentinə qarşı allergiya var. Belə olan halda, həmin şəxsə vaksin vurulmur. Əvvəllər anafilaktik şok keçirən, kəskin bronxial astması olan şəxslərə vaksin vurdurmaq olmaz”.