-
- 28-07-2021, 17:50
- 1 878
Bu xəstəliyi olanlar vaksin vurdurmadan SERTİFİKAT ALACAQ – İnfeksionist AÇIQLADI
“Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlara xüsusi sertifikatın hazırlanması nəzərdə tutulur”.
News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 26 iyulda keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.
Prezidentin köməkçisinin bu açıqlamasından sonra sosial şəbəkələrdə hansı xəstəliklərə sertifikat ayrılacağı ilə bağlı müzakirələr çoxalıb. Məsələni aydınlaşdırmaq üçün İnfeksionist Mərdan Əliyevin fikirlərini öyrəndik.
O, saytımıza açıqlamasında bildirib ki, vaksinə əks göstərişləri olan xəstəliklər çox deyil: “Peyvəndin hamilə qadınlar, süd verən analar, vaksinin komponentlərinə qarşı yüksək allergiyası olanlar və onkoloji xəstələrə vurulması tövsiyə edilmir. Hesab edirəm ki, bu xəstəliyi olan şəxslərə sertifikat ayrılacaq. Bəzi şəxslər var ki, qəsdən peyvənd vurdurmaq istəmir. Bununla bağlı yaradılacaq komissiyanın obyektiv çalışacağına inanıram”.