Mənsum İbrahimov:
    • 21-09-2021, 19:51
    • 1 048

Mənsum İbrahimov: "Oğullarımızın qanı tökülən torpaqlar bizim üçün ziyarətgahdır" - Video

"Qarabağın hər yeri, oğullarımızın qanı tökülən bütün torpaqlar bizim üçün ziyarətgahdır". 

Bu sözləri News24.az-ın Şuşaya ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov deyib. 

Azərbaycan səhnəsinin ən uzunmüddətli Məcnunu olan Mənsum İbrahimov, Şuşada, Üzeyir Hacıbəylinin evinin yaxınlığında, heykəlinin önündə ilk dəfə "Leyli və Məncun" operasından Məcnunun partiyasını oxumaqdan qürur duyduğunu bildirib: "Mən özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Uzun illər Qarabağımızda, Şuşamızda Məcnunu oxumağı xəyal etmişəm. Bəzən ümidsizliyə qapanmışam, bu günün olmayacağını zənn etmişəm. Tək mən yox, hamımızda bu hiss olub. Amma biz bu gün Şuşadayıq və çox xoşbəxtik. Ağdamda təməlqoyma mərasimi zamanı cənab prezident İlham Əliyevə özüm təklif etdim ki, mən bu gün Şuşada Məcnunu oxumaq istəyirəm. Cənab prezidentdə razılaşdı və mən ən böyük arzuma çatdım. 

Əlbəttə bu torpaqlarımızın mənfur düşmənin işğalından azad etmək üçün çoxsaylı oğullarımız şəhid oldu, qazilərimiz var. Mənim qardaşım oğlu da Laçın da şəhid oldu. Oğullarımızın qanı axan torpaqlar biri üçün ziyarətgahdır. Biz bu gün şəhidlərimizin qanı, canı bahasına, Ali Baş Komandanımız İlham Əliyevin düzgün siyasəti nəticəsində torpaqlarımıza ayaq basa bilirik". 

Mənsum İbrahimov Ağdamda yaşamaq istədiyini də açıqlayır: "Əlbəttə Ağdamda yaşamaq istəyirəm. Torpağımızın hər yeri bizə Vətəndir, doğmadır". 

Ülkər Qasımova 
Nicat Niftəliyev 

Şuşa