Oğlunun büstünü görən şəhid anası:
    • 28-09-2021, 12:49
    • 656

Oğlunun büstünü görən şəhid anası: "Arzularımı özünlə apardın..." - VİDEO

Bu gün 55 nömrəli tam orta məktəbin məzunu, şəhid baş leytenant Samir Əliyevin xatirəsinə həsr olunan büstün açılış mərasimi olub.

News24.az-ın məlumatına görə, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin ailəsi, hərbi döyüş yoldaşları, rəssam-heykəltaraş Əhmədov Samir-Elçin qardaşları və sinif yoldaşları iştirak ediblər.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün canından keçən bütün igid oğulların xatirəsinə hörmət və ehtiramını dilə gətirən məktəbin direktoru Yaqut Kərimli şəhid məzun Samir Əliyevin məhz onun rəhbərlik etdiyi təhsil ocağının yetirməsi olduğundan qürur duyduğunu bildirib: "Biz 55 saylı məktəbin heyəti olaraq çox qüruruluyuq. Çünki yetişməkdə olan nəslə ötürə biləcəyimiz bir böyük qəhrəmanlıq dastanı var. O dastanı bizim şagirdimiz Samir Əliyev yazıb. Biz bunla fəxr edirik. Samirin bütün müəllimlərinin onunla bağlı bircə təəssüratı var: “O, bir başqaydı, nümunəvi idi". Əslində Samirin bu yolu seçməsi təsadüf olmayıb. Uşaqlıq illərindən içindəki Vətən sevgisi, onu qorumaq hissi yolunu Samiri Ali Hərbi məktəbdə yönəldib. Baş leytenant kimi fəaliyyətə sövq edib. Gözünü qırpmadan canını düşmən gülləsinə sipər edən Samirin əzizi xatirəsini yaşatmaq bir məktəb rəhbəri kimi mənim ən ümdə vəzifəmdir. Müəllim və şagird heyəti ilə onun xatirəsini hər zaman əziz tutacağıq. Bir arzumuz da var, bu məktəbə şəhid məzunumuzun adının verilməsi. Bununla bağlı müvafiq qurumlara artıq müraciət də etmişik. Ümid edirik, istəyimizə müsbət cavab veriləcək və biz o sevinci yaşayacağıq".
Şəhid Samirin anası Sevda Əlizadə də ən böyük arzusunun oğlunun adının əbədiləşdirilməsi olduğunu bildirib: Sevda Əlizadə, şəhid Samir Əliyevin anası: "Samir mənim ilk övladım, gözümü qarasıydı. Uşaqlarıdan hərbiyə həvəsli böyümüşdü, elə o istəyinin ardınca da hərbiyə getdi, müharibəyə, torpaqlarımızın işğaldan xilas olunmasına qatıldı. Suqovuşanda şəhid oldu. Samirim fəxr eləyəcək övlad idi. O, arzularımın hamısını özüylə apardı. İndi bircə arzum, bircə istəyim var, oxuduğu bu məktəbə onun adı verilsin. Prezidentimizdən də təvəqqəm, xahişim odur ki, oğlumun məzun olduğu məktəbin onun adını daşımasına göstəriş versin. Bu, şəhid anası kimi mənim yeganə arzumdur".