“Sizi balalarınız gözləyir, mən isə subayam” – İnadla döyüşə atılan ŞƏHİDİN SON SÖZÜ - VİDEOREPORTAJ
    • 11-10-2021, 14:55
    • 969

“Sizi balalarınız gözləyir, mən isə subayam” – İnadla döyüşə atılan ŞƏHİDİN SON SÖZÜ - VİDEOREPORTAJ

Vətən Müharibəsinin qəhrəman igidlərindən biri də leytenant Murad Nağıyevdir. 

News24.az xəbər verir ki, o, 9 fevral 1997-ci ildə Qazax rayonunda ailəsinin sonbeşiyi olaraq dünyaya gəlib.


M.Nağıyev 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qəbul imtahanlarında iştirak edib. Burada yüksək nəticə göstərdiyinə görə, İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilib. O, Kulelidə də özünü doğruldub. Xüsusilə, riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə, müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilib.

O, erkən yaşlarından müxtəlif silahlarla tanış olub, yay toplanışlarında və təlimlərdə iştirak edib və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlayıb. Murad 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olub. 2020-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirərək tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub. Bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnib. Şəhidimiz həm də uşaq yaşlarından incəsənətə maraq salıb, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib. Bundan əlavə, həm türkcə, həm də ana dilində şeirlər yazıb. Müharibədən sonra şeirləri “Kardeş Kalemler” jurnalında və Ədəbiyyat qəzetində dərc olunub.


Murad Nağıyev Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərib. Füzuli istiqamətindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv edib, düşmən texnikasını qənimət götürüb.

Oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank
əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


Bu gün Murad Nağıyevin şəhadətinin 1 ili tamam olur. News24.az olaraq şəhidimizi anmaq üçün İkinci Şəhidlər Xiyabanına yollandıq.

Şəhidimizin anası Xavər xanım hər yerdə övladını axtardığını deyib: “Allaha çox yalvardım ki, bəlkə bir möcüzə olar, balam geri qayıdar. Onun gedişi belimizi bükdü. Nə qədər çətin olsa da, onunla qürur duyuram. Murad qəhrəmandır. 

Şəhidimizin böyük qardaşı Orxan Nağıyev Muradın səsini sonuncu dəfə 10 oktyabrda axşam saatlarında eşitdiyini deyib: “Həyat dolu, gülərüz biri idi qardaşım. Dostluqda, qardaşlıqda çox sadiq idi. Ötən 1 ili sözlərə sığdırmaq mümkün deyil.”

Şəhidimizin qardaşı Sərxan Nağıyev saytımıza danışaraq Muradın komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq, “mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam” deyərək ən ön sıralarda
döyüşə atıldığını deyib: “Komandiri təbəssümlə “İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu” deyərək xatırlayır o anları. Tək indi yox, mən hər zaman onunla fəxr etmişəm”.

Reportajı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Video/Montaj: Nicat Niftəliyev