"Müharibədən qayıdanda sinif otağında bir məktub tapdım, yazılmışdı ki..."- QAZİ MÜƏLLİM -VİDEO
    • 15-10-2021, 20:14
    • 612

"Müharibədən qayıdanda sinif otağında bir məktub tapdım, yazılmışdı ki..."- QAZİ MÜƏLLİM -VİDEO

Təhsil Nazirliyinin İsmayıllı rayonuna təşkil etdiyi mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib.

News24.az
-ın İsmayıllıya ezam olunan əməkdaşının verdiyi məlumata görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən 22 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
 
Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.
 
Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
 
Görüşü giriş nitqi ilə İsmayıl Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev açaraq tədbir iştirakçılarını, döyüşdə iştirak edən təhsil işçilərini salamladıqdan sonra sözü təhsil nazirinin müavini Firudin Qurbanova verib. Nazir müavini 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən söz açaraq bildirib ki, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb.

Zəfərin qazanılmasında təhsil işçilərinin roluna xüsusi toxunan Firudin Qurbanov, 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini 14 oktyabrın İsmayıllı rayonu 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin şəhidlik zirvəsinə ucaldığı gün olduğunu xüsusi qeyd edərək vətənpərvər oğullarımızın qəhrəmanlıqlarından, döyüş şücaətlərindən danışıb. Şəhidlərin əziz xatirəsinin hər an qəlbimizdə yaşayacağını vurğulayan Firudin Qurbanov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib, onların hər birinin gələcək nəsillər üçün nümunə olduğunu deyib. 

Görüşdə iştirak edən media qurumlarının rəhbərləri çıxışlarında Azərbaycan gənclərinin döyüşçü müəllimlərdən təhsil alaraq daha vətənpərvər yetişəcəklərinə inamlarını ifadə edib, təhsil işçilərinə təşəkkür ediblər.

Tədbirdə həmçinin, Vətən müharibəsi iştirakçısı olan müəllimlərin xatirələrindən ibarət kitabın çap olunması ideyası səslənib.
 
Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış ediblər.

Tədbirdən sonra ismayıllı rayonu Müdri kənd tam orta məktəbin tarix müəllimi Surət Şıxızadə saytımıza 44 günlük Zəfər savaşı ilə bağlı təəssüratlarını bölüşüb. Tərtər briqadasının tərkibində motoatacı qüvvələrdə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən qazi müəllim bildirib ki, cəbhədə olduğu müddətdə həm əsgər, həm vətəndaş, həm də tarix müəllimi olaraq çiynində böyük məsuliyyət hiss edib: "Bilirsiniz ki, Tərtərə “qəhrəman şəhər” deyirlər. Çünki hər saniyəmiz mərmi altında keçirdi. Amma bu mərmilər bizi əsla qorxutmurdu. Hər əsgər yoldaşımız şəhid olanda, yaralananda düşmənə nifrətimizi  torpağımızın daha bir metrini azad etməklə göstərirdik. O günlərin hər biri tarix idi. Sentyabrın 29-u biz müharibəyə yola düşəndə ağlımıza belə gəlmirdi ki, nələr olacaq. Bildiyimiz tək şey bu torpaqları azad etməli olmağımız idi. Qarşımızdakı məqsəd 30 illik işğalı yox etmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Şadam ki, əsgər qardaşlarımla birlikdə torpaqlarımızı azad etdik,  zəfər qazandıq. Duyğulanmamaq mümkün deyil. Düzdür, bu savaşda acılarımız, ağrılarımız var, neçə-neçə igid oğulları qurban verdik, eləcə də, dostumuz, həmkarımız Famil bəyi itirdik. O, rayonumuzun sayılıb - seçilən müəllimlərindən biri idi. Onun itkisi çox ağırdır. Amma torpaqlarımızın qaytarılması bu ağrının təsəllisidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" 
 
Surət müəllim onu da deyib ki, Vətən Müharibəsi müddətində həm məktəb, həm də şagirdləri üçün çox darıxıb: “Müharibə bitdi və biz bir neçə ay sonra tərxis olunduq. Sinif otağına qayıdanda masamın üzərində bir kağız tapdım. Yazılmışdı ki, “Surət müəllim, sizin üçün çox darıxmışıq. Tez gəlin”.  O sözlərdən elə təsirləndim ki, həmin kağızı indiyədək çəkməcəmdə saxlayıram”.
 
Qazi müəllim bildirib ki, bundan sonra onların qarşısında daha ciddi vəzifə var: "Müharibə bitib, biz indi bu cəbhədə öz işimizi davam etdiririk. Şagirdlərimizin daha vətənpərvər, el-obasına bağlı şəxsiyyət kimi yetişməsində əlimizdən gələni edirik. Tarix müəllimi olduğum üçün bu ildən məktəbdə “Zəfər tarixi”ini tədris edirəm. Zəfəri yazan biz, tədris edən də elə biz olduq. Çox böyük qürurudur. Çalışacağıq ki, şagirdlər daim çevik, cəsarətli və düşməni əzməyə qadir olsunlar”.