Azərbaycanlı qadınları Moskvada satan şəxs ƏMƏLLƏRİNİ ETİRAF ETDİ - ŞOK FAKTLAR MƏLUM OLDU
    • 27-10-2021, 11:30
    • 1 120

Azərbaycanlı qadınları Moskvada satan şəxs ƏMƏLLƏRİNİ ETİRAF ETDİ - ŞOK FAKTLAR MƏLUM OLDU

Daha əvvəl də insan alverinə görə tutulan və 2 il şərti cəza alan, 2012-ci ildə isə Azərbaycanı tərk edərək Moskva şəhərinə köçən 1980-ci il təvəllüdlü, Gəncə şəhər sakini Samirə Tahir qızı İbrahimova yenidən saxlanılıb. Belə ki, Moskvaya getdikdən sonra azərbaycanlı qadınları aldadaraq Rusiyaya aparan və Moskvada onları saunalarda müxtəlif şəxslərlə görüşərək intim xidmət göstərməsini təmin edən S.İbrahimova 2019-cu ildə rus polisi tərəfindən tutulub. 2020-ci ildə isə o, Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci (insan alveri) maddələri ilə iş açılıb.

News24.az-ın məlumatına görə, cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş qadınlar ifadə verib. Ülviyyə və Xaliqə adlı qadınlar Samirəni Gəncədən tanıdıqlarını bildiriblər. Onlar Bakıda yaşadıqları vaxt Samirə ilə facebook və skayp proqramları vasitəsilə ikincinin təşəbbüsü ilə əlaqə saxlayıblar.

Ülviyyə Məmmədova ifadəsində deyib: “2012-ci il noyabr ayının ortalarında Samirə ilə tez-tez «skype» proqramı vasitəsilə əlaqə saxladıqda o məni Rusiya Federasiyasının Moskva şəhərinə dəvət etməklə mənim üçün şərait yaradacağını vəd edib. Mən də razılaşıb Samirənin aldığı təyyarə bileti ilə 2012-ci il dekabrın 03-də Gəncə hava limanından Moskva şəhərinə uçdum. Samirənin məni qarşılayaraq apardığı hansısa bina evinin birinci mərtəbəsindəki mənzildə tanımadığım bir neçə nəfər qadını gördüm. İki-üç gündən sonra Samirə evin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini, məni müxtəlif saunalarda fahişəliyə cəlb edəcəyini söylədi. Mən Samirəyə etiraz etməklə evdən çıxmaq istədiyimi deyəndə o, çəkdiyi xərcləri ödəməyimi tələb etdi, məcburiyyət qarşısında qalıb könülsüz şəkildə razılaşdım. Bundan sonra Samirə məni və Mətiş ləqəbli qadını özü ilə birlikdə saunaya apararaq onunla cinsi əlaqədə olmaq üçün kişi müştərilərinə təqdim etdi. Eyni qaydada Samirənin təşkilatçılığı ilə gün ərzində 3-4 kişi müştəri ilə intim münasibətlərdə olurduq. Bir müddət sonra Samirəyə azyaşlı qızımı anamın yanında qoyub gəldiyimi, onlara pul aparmalı olduğumu bildirdim ondan pul aldım. Həmin pulla bilet alaraq növbəti Gəncə hava limanından keçməklə Azərbaycan Respublikasına qayıtdım. Daha sonra bir daha Moskvaya qayıtmamışam”.

Digər zərərçəkmiş qadın da eyni məzmunda ifadə verib.

İttiham edilən Samirə İbrahimova isə günahını qismən etiraf edərək deyib ki, həmin qadınlar Gəncədə qonşuları olub və onları öz istəkləri ilə Rusiyaya apararaq fahişəliyə cəlb edib. Əldə edilən pul vəsaitinin isə 10-20 faizi ona çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Samir İbrahimovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.