Nazir müavini: "800 min AĞAC ƏKİLƏCƏK
    • 29-10-2021, 12:44
    • 346

Nazir müavini: "800 min AĞAC ƏKİLƏCƏK"

“Yaşıl marafon çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağac əkiləcək. Xocahəsən, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun üzərində, şimal qərb, şimal və cənub istiqamətindəki yolların kənarında və digər ərazilərdə boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub. Bundan başqa, meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilər ağaclarla doldurulacaq”.

News24.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib. Meşələrə uyğun növlər seçilir. Abşeronda həmişəyaşıl ağaclar və həmişəyaşıl meyvə ağacları əkilir. 

“Ən böyük ərazi isə Xocahəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. 1 noyabrdan isə Aran rayonlarında əkin işlərinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir”.

Teymur Məmmədov