41 sinifdən ucalan şəhid adları - 317 saylı məktəbdə ANIM - VİDEO
    • 2-11-2021, 16:19
    • 3 908

41 sinifdən ucalan şəhid adları - 317 saylı məktəbdə ANIM - VİDEO

Bu gün 317 saylı məktəbdə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri yad edilib.

News24.az-ın məlumatına görə, tədbir Zəfər Gününə həsr olunub.


Tədbirdə 40-dan çox Şəhid ailəsi, İcra hakimiyyəti və YAP-ın rəsmiləri iştirak edib.

Bundan əlavə, 317 saylı məktəbdə siniflərin önünə şəhidlər haqqında məlumatları əks etdirən fotolövhələr yerləşdirlib.

Tədbir çərçivəsində şəhid övladları və məktəblilərin iştirakı ilə şeirlər səsləndirilib, kompozisiyalar nümayiş olunub.


Məktəbin əvəzedici direktoru Gülarə Mirzəyeva saytımıza açıqlamasında bildirib ki, təkcə öz məktəblərinin yox, bütün Azərbaycanın şəhidləri bu tədbirdə anılıb: “Bizim məktəbin 2 şəhidi var. Ancaq torpaqları qaytarıb, özləri qayıtmayan bütün cəsur oğullarımızı yad etmək hər birimizin borcudur. Siniflərin önünə lövhələr yerləşdirməklə istədik ki, şagirdlər hər gün o qəhrəmanlarla üzləşsinlər, onları daim xatırlasınlar. Bu cür tədbirlərimiz davamlı olacaq”.

Direktor müavini Ramayyə Həziyeva belə tədbirlərin Azərbaycan torpaqlarının azadlığı üçün canından keçən oğulların qəhrəmanlığının, rəşadətinin gənc nəslə çatdırılması, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını bildirib: "Məktəbin 41 sinif otağının hər birinə bir şəhidimizin adını verdik. Sinif otaqlarının önünə bu qəhrəmanlarımızın məlumatlarını əks etdirən lövlələr asdıq. Eyni zamanda həmin şəhid qəhrəmanların  ailələrini məktəbimizə dəvət etdik. Hər sinif adını daşıdığı şəhidimizin qəhrəmanlığını, igidliyini ifadə edən çıxışlar sərgilədi. Onların ruhuna ehtiramını göstərdi. Şəhidlərimizi tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə can sağlığı versin”.  


"Vətənin, bu xalqın azad, firavan yaşaması üçün özünü fəda edən oğullarımızın hər birinin adı bizim qürurumuz, fəxrimizdir" deyən 317 saylı məktəbin hərbi rəhbəri, ehtiyatda olan zabit Dədəbəy Xamiyev də belə anım tədbirlərinin keçirilməsinin vacib olduğunu qeyd edib: "Hər şəhidin, hər  qazinin, hər əsgərimizin adı bu xalqımızın tarixində əbədi qalacaq. Bu tədbirlərlə biz  onların ruhuna olan sevgi və sayğımızı ifadə etməyə, məktəblilərin onların Vətən sevgisinə pərəstişini göstərməyə çalışmışıq".


Daha sonra anım mərasiminin qonaqları - şəhid valideynləri övladlarının şücaətindən bəhs ediblər. Xüsusi təyinatlı şəhidimiz Məhəmməd İsmayılzadənin atası Füzuli İsmayılov övladının İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığı haqda bunları deyib: “Müharibənin ilk günlərində Türkiyədə ali təhsilini yarımçıq qoyub Bakıya qayıdan oğlum bir anda silaha sarılıb könüllülər sırasına qoşuldu, müharibəyə getdi. 1 il bizim üçün nə qədər çətin keçsə də, Məhəmməd və onun simasında Azərbaycanın minlərlə igid övladı qanları ilə tarix yazaraq xalqımıza böyük Qələbə sevincini bəxş etdilər. Mən də Birinci Qarabağ müharibəsi iştirakçısıyam. O zaman biz var gücümüzlə döyüşsək də, torpaqlarımızın işğalının qarşısını ala bilmədik. Mən bu Vətən üçün fəda olmaq istəyirdim, amma şəhidlik zirvəsi oğluma nəsib oldu”.


İkinci Qarabağ müharibəsində igidlik göstərən şəhidimiz Tahir Qasımzadənin nənəsi Rəqiyyə Bayramova tədbir təşkilatçılarına təşəkkür edib. O, nəvəsinin qəhrəmanlığından göz yaşları ilə danışıb: “Nəvəmin şəhadətinin bir ili tamam olub. Bu bir il ərzində bizi tək buraxmadılar. Nəvəmin yoxluğu çətin olsa da, onunla fəxr edirəm. O, aprel döyüşlərində üç ermənini məhv edib, birini yaralayıb. Onun şücaətindən generalımız Polad Həşimov da danışıb.  Əsgərlikdən qabaq həmişə deyirdi ki,  nənə, mən şəhid olacam. 2020-ci il sentyabrın 3-da əsir düşməmək üçün 7 erməni ilə birgə özünü partladıb şəhidlik məqamına yüksəlib”.


Vətən Müharibəsinin qəhrəmanlarından biri olan Ağa Nəsrullayev  anım tədbirini yüksək qiymətləndirib: “Sentyabrın 27-dən döyüşlərdə iştirak etdim. Mən sağ qaldım, ancaq şəhid qardaşlarım əbədiyyətə ucaldı. Şəhidlərimizin adlarının siniflərə verilməsi diqqətəlayiq addımdır. Biz onların adlarını əbədiləşdirməliyik, ucaltmalıyıq. Bu, bizim mənəvi borcumuzdur”.


Oğlunun ad günündə şəhid olan “Kobra” ləqəbli polkovnik-leytenant - Xeyrulla İbrahimovun oğlu Anar atası ilə qürur duyduğunu deyib: “I Qarabağ müharibəsində onun qətli üçün ermənilər pul mükafatı ayırmışdılar. Bu informasiyanı Rusiya mediası da təsdiqləyib. Atam I Qarabağ müharibəsində ermənilərə qan uddurub. Savaşdan sonra da müxtəlif hərbi vəzifələrdə çalışıb. O, 20 ilə yaxın hərbçi kimi xidmət etdiyinə görə ermənilərin mövqeyini yaxşı bilirdi. Buna görə də İkinci Qarabağ müharibəsində ermənilərə çox çətinlik yaşadıb. 2020-ci il oktyabrın 26-da şəhadətə ucalıb. Şəhidlik zirvəsinə çatandan sonra Prezidentin sərəncamı ilə “Azərbaycan bayrağı”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub”.


Şəhid qardaşı Azad Əliyev şəhidliyin izah olunmayan bir zirvə olduğunu deyib: “Bu zirvəni yaşayanlar və yaşadanlar bilir. Mən tək bir yox, bütün Azərbaycan şəhidlərinin qardaşıyam. 23 yaşlı nişanlı qardaşım Fikrət Əliyev 1990-cı ildə növbədən qayıdarkən, Şərur rayonunun Havuş kəndi yaxınlığında, Noxudlu Dərə adlanan ərazidə erməni quldurlarının pusqusuna düşüb və qeyri-bərabər gedən döyüşdə 48 güllə yarası alaraq Şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Məhərrəm Əliyev
Nicat Niftəliyev