-
- 23-11-2018, 15:29
- 1 687
Abel Məhərrəmovun səfir oğlu ilə bağlı rəsmi açıqlama
Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:“Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun şəxsi biznesinin olub-olmaması barədə sualı cavablandıran XİN rəsmisi qeyd edib ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb.
Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur.
“Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə, bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər”,- deyə o qeyd edib.
Leyla Abdullayeva İspaniyada keçirilən tədbirlə bağlı Bakıdan iki ton ağırlığında diplomatik yükün göndərilməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.
//Qafqazinfo