ASAN Xidmətdə yeni mərkəzin AÇILIŞI OLDU
    • 15-11-2021, 12:18
    • 355

ASAN Xidmətdə yeni mərkəzin AÇILIŞI OLDU

3 saylı "ASAN kommunal"da “INNOLAND AREA” mərkəzinin açılış tədbiri keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və AREA - Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşəbbüsü ilə 3 saylı "ASAN kommunal" mərkəzində  “INNOLAND AREA” mərkəzinin açılış tədbiri keçirilib. 

Qonaqlar Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən innovasiya ekosisteminə verilən dəstək, gənclərin gələcək inkişafı üçün onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və rəqabətədavamlı biliklərin qazanılması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışlarının  formalaşdırılması istiqamətində görülən işlərin prioritet olduğunu və müxtəlif dövlət qurumları, şirkətlər və universitetlərin bu proseslərə aktiv şəkildə qoşulmasının vacibliyini vurğulayıblar.

Sonda  dronların yürüşü və robotlarla tanışlıq istiqamətində 4-7 yaş arası uşaqlar üçün "Robomonte",  8-13 yaş arası uşaqlar üçün "Genesis" (Yapon Mühəndisliyi), 8-19 yaş arası uşaq və gənclər üçün isə Foster (Dünya Robot Olimpiyadasına hazırlıq) ustad dərsləri təşkil olunub. 

“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və  əlverişli şəraiti gücləndirməkdir. O cümlədən 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və  onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi  fərqli sahələrdə  məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.

Regionlarda yaşayan uşaqlar və gənclərin inkişafına təkan vermək və onların qarşısında böyük imkanlar açmaq məqsədilə 3 sentyabr 2021-ci il tarixindən Şəki “ASAN Həyat” kompleksində də “INNOLAND AREA” mərkəzi fəaliyyət göstərir.