Paşazadə Vatikana gedir, Papa ilə görüşəcək
    • 11-01-2022, 13:29
    • 517

Paşazadə Vatikana gedir, Papa ilə görüşəcək

Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.

QMİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildi.

Azərbaycanın dini konfessiya rəhbərlərinin Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfəri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır. Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə etmiş, qarşılıqlı səfərlərin önəmini vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri - Roma Papası Fransisk həzrətləri, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən, Dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher və digərləri ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulur.

Yanvarın 17-nə kimi davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.