Bakıda avtobus dayanacağında dəhşətli hadisə - Yük maşını piyadanın üstündən keçdi
    • 13-01-2022, 14:09
    • 949

Bakıda avtobus dayanacağında dəhşətli hadisə - Yük maşını piyadanın üstündən keçdi

Ötən ilin 31 avqust tarixində Bakı şəhər Səbail rayonu Şıxov qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Elnur Babayevin idarə etdiyi “Shacman” markalı yük maşını ilə piyada A.Əliyevi vurub öldürməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News24.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə açılmış işin araşdırılması zamanı A.Əliyevin yaxınlarının sürücüyə qarşı iddia, tələb və şikayətinin olmadığı məlum olub.

Onlar bildiriblər ki, 5 il əvvəl həyat yoldaşından boşanan A.Əliyev, Şıxovdakı “Green City” restoranında ofisiant işləyib və hadisə gecə saatlarında o, işdən çıxaraq yaşadığı evə gedərkən baş verib.

A.Əliyevin hüquqi varisi təqsirləndirilən şəxsin yas mərasiminin xərclərini ödədiyini, mərhuma 2500 manat dəyərində məzar daşı hazırlatdığını deyib.

Hadisə barədə ifadə verən sürücü Elnur Babayev isə həmin gün əmisinə məxsus olan və aylıq 500 manat maaş qarşılığında idarə etdiyi yük maşını ilə Qızıldaşdan Şüvəlana qum qarışığı apardığını deyib: “Saatda təxminən 35 kilometr sürətlə yolun ən sağdakı 3-cü zolağı ilə hərəkət edirdim. Saat təxminən 23:30 radələrində yerüstü piyada keçidindən sonra yolun sağ tərəfində olan «GREEN CİTY» restoranının giriş qapısının yaxınlığında, təxminən 30 metr qarşıda marşrut avtobus dayanacağının qarşısında bir şəxsin idarə etdiyim avtomobilin hərəkət zolağına yaxın yerdə dayandığını gördüm. Həmin şəxsin yanından ötüb keçəcəyini fikirləşib ona fikir vermədən gedərkən səs eşitdim. Bu zaman bildim ki, maşının sağ yan hissəsi ilə həmin dayanacaq qarşısında dayanan şəxsi vurmuşam və maşın yüklü olduğundan avtomaşını yerində saxlaya bilmədim. Bir neçə metr məsafədə maşını saxladım, vurduğu adamın vəziyyəti ilə bağlı maşını arxaya verərək maraqlanmaq üçün həmin adamı vurduğum yerdə saxladım.

Maşını arxaya doğru sürən zaman maşının sağ yan tərəfinin nəyinsə üstünə çıxan kimi olduğunu bilib bu zaman avtomobilin sağ yan güzgüsündən arxa sağ tərəfinə baxdıqda vurduğu piyadanın baş hissəsinin arxa təkərin altında olduğunu görüb maşından düşərək ona yaxınlaşdım. Gördüm ki, həmin şəxs maşının arxa təkərinin altındadır. Onun ölmüş olduğunu görüb qorxaraq maşını idarə edib oradan uzaqlaşıb yük yerində olan qum qarışığını Şüvəlan qəsəbəsində sifarişə əsasən boşaldıb oradan da Xocasən qəsəbəsinə getdim. Şüvəlanda maşının sahibi Hünərlə görüşüb maşınla adam vurub öldürdüyümü demişdim. Hünər mənə hadisə yerindən qaçmamağı və gedib polisə təslim olmasını məsləhət görmüşdü. Lakin qorxaraq polisə məlumat vermədim və Xocasən qəsəbəsinə gəlib orada dayandım. Orada olduğum zaman polis əməkdaşları gəlib məni apardılar. Həmin hadisədən əvvəl spirtli içki qəbul etməmişəm”. 

Əməlimdən səmimi peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələb və mülki iddiasının olmadığını bildirən Elnur Məhkəmədən ona yüngül cəza verməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.