Əliyevin Ukrayna səfəri: Zelenskinin bəyanatında gizlənən məqamlar – TƏHLİL

Əliyevin Ukrayna səfəri: Zelenskinin bəyanatında gizlənən məqamlar – TƏHLİL
SİYASƏT

15-01-2022, 14:21

Mətn ölçüsü

Şuşa Bəyannaməsi imzalandıqdan sonra sənədin mətni ilə tanışlıq zamanı Bakı-Ankara strateji müttəfiqlik əlaqələrinin coğrafiyasını genişlətməsinə dair təəssüratlar formalaşdı. 

Bu sənəd Cənubi Qafqazda yaranan yeni reallıqların beynəlxalq sistemlə əlaqələndirilməsi mexanizminin tərkib hissəsi idi, çünki postmüharibə dövrünün də çoxlu riskləri mövcuddur. 

Postmünaqişə dövrü Azərbaycanı sabit yerdə qalmamağa, yeni təhlükəsizlik mühiti formalaşdırmaq və onu gücləndirmək üçün əlaqələri genişlətməyə sövq edirdi. 

Regional lövhədə bunun açarı Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə yeni ideyalar gətirməkdən keçir, bu, Bakı-Ankara tandemində birgə maraqların çəkisini artırır. 

Azərbaycan Türkiyə ilə müştərək maraqlarında yaranan yeni müstəvi iki ölkənin strateji xəttini digər coğrafiyalara da daşıyır. 
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün siyasi aspektləri Bakı-Ankara strateji maraqları baxımından izah edilməlidir. 

Türkiyə Rusiya Krımı ilhaq etdikdən sonra Ukrayna ilə münasibətlərinin dairəsini sürətlə genişləndirən siyasət yürüdür. 
Çünki: 

1. Türkiyə Ukraynada ən böyük investorlardandır (4.5 milyard dollarlıq sərmayə ilə. Ölkədə 700-dən çox Türkiyə şirkəti mövcuddur), 
2. Ukraynaya Rusiyanın hər hansı hərbi müdaxiləsi həmin yatırımların taleyini sual altına qoyar. 

Azərbaycan üçün də sərmayə yatırmaq üçün ən əlverişli ölkələrdən biri Ukraynadır, indi bu iqtisadi zəncirdə yeni həlqələr yaratmaq və onun təhlükəsizliyi üçün konkret istiqamətləri ortaya qoymaq lazımdır. 

Bu isə, Qara dənizdə təhlükəsizlik üçün yeni gündəliyin ərsəyə gəlməsindən keçir, çünki Rusiya işğal etdiyi Krımda hərbi obyektlərin sayını artırıb və ora yeni silahlar yerləşdirib. 

Kremlin bu addımı Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini sarsıda biləcək akt kimi nəzərdən keçirilir, bu, təkcə Qara dəniz hövzəsinə daxil olan Ukrayna və Türkiyənin deyil, eləcə də regional və qlobal nəticələr hasil edən təhlükəsizlik problemidir. 

Azərbaycan da Qara dənizin təhlükəsizliyinə töhfə verən dövlətə çevrilir, Bakı-Ankara-Ukrayna üçlüyünün Qara dənizdəki hərbi iştirakını Qərb də dəstəkləyir. 

Risklərə qarşı yeni platformada maraqların beynəlxalq konyunktura ilə sinxronlaşdırılması da əhəmiyyətli dərəcədə vacibdir ki, risk amilinə qarşı qoruyucu mexanizmlər formalaşsın.  

Volodimir Zelenskinin İlham Əliyevlə mətbuata birgə bəyanatında müzakirələrin mövzusuna dair dediyində Qara dənizdə təhlükəsizlik məsələsi yer tutur. 

SİTAT: “Biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq”. 

Qarşılıqlı yardıma əsaslanan bu konsepsiya Xəzər dənizinin də təhlükəsizliyini qarantiya altına ala bilər. 

Nəzərə alaq ki:

1. 2021-ci ilin sentyabrında Azərbaycan və Türkiyə dəniz qüvvələrinin xüsusi təyinatlıları Xəzərdə birgə təlimlər keçirmişdilər, 
2. Bu təlimin məqsədi təkcə iki ölkənin hüdudları ilə məhdudlaşan təhlükəsizlik tədbiri deyildi, bu, həm də regional sabitliyə yönəl təhdidlərin qarşısının alınması üçün peşəkar məşq idi. 

Türkiyə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu GUAM platformasının fəaliyyətini aktiv fazaya keçirmək istəyir. 

Zelenskinin GUAM çərçivəsində nəqliyyat dəhlizinin şaxələndirilməsinin vacibliyini dilə gətirməsi də Türkiyə strategiyasının ştrixlərinin ifadəsidir. 

İlham Əliyevin səfərinin siyasi tərəflərinə dair gəlinən nəticə: 

1. Azərbaycan-Türkiyə-Ukrayna strateji platforması yaranır, 
2. Üç ölkə formatında hərbi əməkdaşlığın çərçivələri yaradılır, 
3. Azərbaycan regional oyunçu kimi yeni sınaqlara qarşı potensialını ortaya qoyur. 

Analitik Aqşin Kərimov