Həsənov-Akar görüşünün şifrələri: Azərbaycan Ordusunda GÖZLƏNİLƏN YENİLİKLƏR – TƏHLİL

Həsənov-Akar görüşünün şifrələri: Azərbaycan Ordusunda GÖZLƏNİLƏN YENİLİKLƏR – TƏHLİL
SİYASƏT

9-11-2021, 16:01

Mətn ölçüsü

Türkiyə milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri Bakı-Ankara strateji müttəfiqlik əlaqələrinin əsas tərkib hissəsi olan hərbi əməkdaşlığın gələcək konturlarının dəqiqləşdirilməsinə hesablanıb. 

Hulusi Akarın Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirdiyi görüş, nazirlərin birgə mətbuat konfransında bəyanatları perspektiv hədəflərin elan edilməsidir. 

Hulusi Akarın mətbuat konfransında səsləndirdiyi açıqlamaların mahiyyəti: 

1. Cənab Akar Ermənistana xəbərdarlıq edir, bildirir ki, Zəngəzur dəhlizinin heç kimə, o cümlədən Ermənistana heç bir ziyanı yoxdur; 

2. Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbçilər öz işlərini böyük məmnuniyyətlə yerinə yetirirlər. Bununla belə, bəzi xırda problemlər də çıxır. Sonuncu cümlə ilə Akar Mərkəzin bu cür problemlərdən sığortalanmadığı mesajını verir. Bununla belə, həmin problemlər danışıqlar yolu ilə həll edilir. 

Əslində Akar Rusiya ilə bəzi problemlərin mövcudluğunu dilə gətirmiş olur. Deməli, Birgə Monitorinq Mərkəzində Moskva-Ankara hərbi əlaqələndirilməsində problemlər yaranır, ancaq həmin problemlərin dəqiq formatını müəyyən etmək bir qədər çətindir. 

Bununla belə versiya sürmək mümkündür: 

Nəzərə alaq ki, Birgə Mərkəzin fəaliyyətinə dair Rusiya intensiv açıqlamalarla çıxış etdiyi halda, Türkiyə tərəfindən passivlik müşahidə edilməkdədir. Görünür ki, Moskva həmin informasiyaları Ankara ilə razılaşdırmadan ictimailəşdirir. Ankara isə ən azından birgə məlumatlarla çıxış etməyin tərəfdarıdır. 

3. Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığının dərinləşməsi dördlük formatı geosiyasi tələblərin zərurətinə çevirir. 

Hulusi Akar deyib ki müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələr olacaq. 

Azərbaycan və Türkiyə öz orbitinə Gürcüstanı çoxdan salıb, Pakistanla isə yalnız bu il üçtərəfli hərbi təlim keçirildi. Bu formatın güclənməsi üçün isə Pakistanla Gürcüstanın da qarşılıqlı hərbi maraqlarının Bakı-Ankara zolağında təzahürü önəmlidir. 

Bu, bölgədə sülhün və təhlükəsizliyin dördlük formatına salınması ilə müdafiə immunitetinin güclənməsini şərtləndirəcək. 
Gələk Zakir Həsənovun açıqlamalarına. Zakir Həsənov açıqlaması ilə türkiyəli həmkarı arasında olan görüş barədə ümumi təsəvvürlərin yaranmasını ehtiva edən mesaj verib. 

Onun “bizim gələcəklə bağlı böyük planlarımız var” deməsi bunun bariz nümunəsi hesab oluna bilər. 

Digər tərəfdən, Zakir Həsənov Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmağa davam etməsini söylədi. 

Bunun gələcək üçün bəzi detallarını da açıqladı. Məsələn, Zakir Həsənov “Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat (komando) qurumları, briqadaları yaradılması prosesinin getdiyini bildirib. 

Həsənov-Akar görüşünün gələcək üçün nəticələri: 

1. Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların tələbi çərçivəsində Bakı-Ankara hərbi əməkdaşlığı ən üst səviyyəyə qalxacaq; 

2. Azərbaycanla Türkiyə Gürcüstan və Pakistanın ortaq maraqlar yaratması üçün formulu müzakirə edir. Bu, gələcək üçün təhlükəsizlik baxımından faydalı iş əmsalının güclənməsidir; 

3. Növəti yeniliklər Azərbaycan Ordusunun “qapısını döyür”. 

Aqşin Kərimov - Analitik