Kənd Təsərrüfatı Nazirliyi bütün sualları cavabladı: Yekun mediatur - VİDEOREPORTAJ
    • 15-01-2022, 16:18
    • 643

Kənd Təsərrüfatı Nazirliyi bütün sualları cavabladı: Yekun mediatur - VİDEOREPORTAJ

13-14 yanvar tarixlərində Kənd Təsərrüfatı Nazirliyi ilin yekunları, dünya taxıl bazarında bahalaşmanın səbəbləri, taxıl bazarının və qiymətlərin konyukturu, Azərbaycanda taxıl istehsalı, taxılla özünü təminat səviyyəsi, özünütəminatın dünya bazarındakı qiymətlərlə əlaqəsi, qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri və digər mövzularda media nümayəndələri üçün təlim və məlumatlandırma sessiyası keçirib.

Məlumatlandırma sessiyası Gəncə şəhərində baş tutub. News24.az olaraq biz də bu mediaturda iştirak etdik.

Gəncəyə səfər çərçivəsində əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin kampüsü ilə tanış olduq.


Media nümayəndələri üçün konfrans keçirən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin üstünlük təşkil etməsinin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının fermer və sahibkarların tələblərinə uyğunlaşdırılması və universitet-fermer əlaqələrinin gücləndirilməsi barəsində danışıb. O qeyd edib ki, universitetdə 12 dövlətin 350 nəfərdən artıq xarici tələbələri təhsil alır: “Bu tələbələr Türkiyə, İran, İsrail, Rusiya, Qazaxıstan və digər Afrika ölkələrindəndir. Hər il 1300 tələbə qəbul olur. Qəbul olunan tələbələrin təxminən 80%-i dövlət sifarişlidir”.


Növbəti gün isə universitetdə qış imtahan sessiyasının gedişini müşahidə etdik. Tələbələrin həmsöhbət olduğumuz zaman onların narazı qaldığı məqamları və ya təkliflərini dinləmək istədik. Ancaq narazı tələbə rastımıza çıxmadı.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynovun da fikirlərini öyrəndik. O saytımıza açıqlamasında deyib ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib: “Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib.


Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, fermerlərin dövlətin göstərdiyi dəstək mexanizmlərdən istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradır. Məhz görülən tədbirlər nəticəsində kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2021-ci ildə də davam edib”.

Daha sonra Biotexnologiya Mərkəzinə, təcrübə tədris təsərrüfatına, Respublika Süni Mayalanma Mərkəzinə baş çəkdik, ölkəyə gətirilmiş yeni heyvan cinsləri ilə tanış olduq.

Fürsətdən sitifadə edib, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadədən un və çörəyin qiymətinin bahalaşmasının səbəblərini soruşduq. O, açıqlamasında bildirib ki, biz hər il orta hesabla 2 milyon ton buğda istehsal edirik: “Orta hesabla 1.3 milyon ton buğdanı da idxal edirik. Bizim özümüzü buğda ilə təmin etməyimiz 59-60 faiz civarındadır. İdxaldan asılılığımız təxminən 40 faizdən yuxarıdır. Ancaq un sənayesinin tələbatı üzrə buğdadan asılılıq daha yüksəkdir. Taxıl və buğda istehsalında dünya bazarından asılılığın həm təbii resurs problemləri, həm də iqtisadi səbəbləri var. Bizim Avstraliya, ABŞ, Rusiya, Qazaxıstan, Ukrayna kimi geniş miqyasda torpaq resurslarımız yoxdur. Eyni zamanda, məhsuldarlığı yüksək səviyyəyə qaldırmaq üçün su resurslarımız kifayət deyil. Demək olar ki, buğda əkimlərinin 60 faizdən yuxarısını ya süni suvarma olmadan reallaşdırılan dəmyədə əkirik, ya da suvarma problemləri olan ərazidə əkirik. Bu da məhsuldarlığı qaldırmağa imkan vermir. Məsələn, biz müasir texnologiyaların tətbiq edildiyi ərazilərdə 50-60 sentner nəticə əldə edirik. Cəlilabad, Şəki, Qobustan kimi taxılçılıq regionlarımızda bu göstərici 12,15, 20 sentner arasındadır. Nəticə etibarilə bizim orta hesabla məhsuldarlığımız 31-32 sentnerdir”.


F.Fikrətzadə əlavə edib ki, iqlim resursları uyğunsuzluğu da problemə yol açan bir səbəbdir: “May-iyun aylarında buğdanın yetişmə dövrü başlayır. Həmin ərəfədə istilər kəskin düşəndə yetişmə prosesi məcburi başa çatır. Ancaq dəndolma prosesi tam yekunlaşmadığı üçün məhsulun  tərkibindəki keyfiyyət göstəriciləri də aşağı düşür. Digər bir səbəb isə odur ki, buğda istehsalı bütün dünyada, o cümlədən Azərbaycanda ən aşağı mənfəətliyi olan sahədir”.

Direktor buğda istehsalının bütün dünyada, o cümlədən Azərbaycanda ən aşağı mənfəətli sahə olmasının da taxıl istehsalında asılılığa yol açan bir səbəb olduğunu deyib: “1 hektar buğdadan orta hesabla 400-600 manat mənfəət əldə olunur. Müqayisə üçün bildirək ki, bu məbləğ qarğıdalıda 1200-1500, yoncada 1200-1300, günəbaxanda 800-900, pambıqda 1000-1500 manat, tərəvəzlərdə isə 10 dəfələrlə artıq rəqəmdir. Bizim hesablamalar göstərir ki, dövlətin aqrar sahəyə ayırdığı subsidiyalar taxılçılıqda və buğda istehsalında xərclərin 40 faizdən yuxarısını kompensasiya edir. Aşağı mənfəətliliyi dövlət subsidiyalarla stimullaşdırır”. 

F.Fikrətzadə işğaldan azad edilən ərazilərimizin taxıl istehsalı ilə bağlı potensialını da qiymətləndirib: “İşğaldan azad edilən torpaqlarımız kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Orada təxminən 155 min hektarlıq sahə əkin dövriyyəsinə daxil olacaq. Təqribən 100 min hektar sahədə taxıl və buğda əkiləcək. Hesablamalarımıza görə təxminən 200 min tona qədər buğda istehsal olunacaq”.

Reportajı təqdim edirik: 

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev