Texniki Universitet medianı İMTAHANA TOPLADI - FOTO/VİDEO
    • 25-01-2022, 17:01
    • 409

Texniki Universitet medianı İMTAHANA TOPLADI - FOTO/VİDEO

Yanvarın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub.

News24.az-ın məlumatına görə, mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak edib.

Universitetin rektoru Vilayət Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, AzTU-da təşkil olunan qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir:


“Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test imtahanları isə kompüter zallarında təşkil olunub. İmtahanların yazılı, şifahi və test üsulu ilə aparılması pandemiyadan sonra tələbələrimizin daha çox adaptasiya olması ilə bağlıdır. Pandemiyadan qorunmaq üçün bütün tədbirlər həyata keçirilib. Böyük otaqlarda imtahanlar keçirilir ki, tələbələr ara məsafəsi saxlaya bilsinlər. İmtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr tələbə koronavirusa yoluxub. Koronavirusa yoluxan tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. 

Qeyd edim ki, imtahanlar sərbəst keçirilir. Tələbələrin müvəffəqiyyətsizliyi 4 faizə yaxındır. Bu semestr ərzində tələbələrimiz kifayət qədər yüksək nəticə göstərəcəklər. Biz imtahan prosesini təkmilləşdirəcəyik. Belə ki, qarışıq üsullara daha çox üstünlük verəcəyik. Bu imtahan prosesi rəqabətin artırılmasına və kəsrlərinin azalmasına xidmət edəcək”.

Rektor əlavə edib ki, tələbələrin böyük qismi test üsulu ilə imtahanların aparılmasına meyillidir: “Az qism tələbələr şifahi imtahanlara üstünlük verirlər. Belə görünür ki, gələcək üçün imtahanların qarışıq üsulu daha effektiv olacaq. İmtahanların aparılması tədris prosesinin keyfiyyətindən asılıdır. Tədris prosesinin keyfiyyətinin artırılması ümdə problemimizdir və həlli üçün ciddi addımlar atacağıq. Biz kəsilən tələbələrin sayının azaldılmasına xidmət edən və yüksək təhsili təşviq edən imtahan prosesinə keçməliyik”.

O, tələbələrin təcrübə dövrünü keçirəcəkləri məkanlardan da söz açıb: “Tələbələrin istehsalat təcrübəsi dövründə gedəcəkləri yerlərlə bağlı ciddi əməkdaşlıqlar aparırıq. Müdafiə Sənayesi Nazirliyinin ayrı-ayrı qurumlarında auditoriyalarımız formalaşıb. Artıq imtahanlarımızın bir qismi də İqlim İstehsalat Birliyində aparılır”.

V.Vəliyev qeyd edib ki, dərs vəsaitləri ilə bağlı çox ciddi problemlər var: “Texnologiya Sisteminin Tədqiqatları mərkəzini formalaşdırmışıq. Bəzi xarici ədəbiyyatların tərcüməsi aparılır. Bununla yanaşı, tədrisin keyfiyyətinin artırılması ilə bağlı 2021-2030-cu illər üzrə strateji inkişaf proqramımız var. Proqramın 5 istiqaməti var. Mərkəzdə ekspertlər tərəfindən müvafiq treyninqlər keçirilib. Ədəbiyyatların seçilməsi, ixtisasa müvafiq istiqamətlərin formalaşması istiqamətində ciddi ədəbiyyatların hazırlanmasına üstünlük veririk. Kitabxana konsepsiyamız artıq hazırdır. Müasir kitabxananı növbəti tədris ilində təqdim etməyi düşünürük”.


Azərbaycan İnternet Formunun Prezidenti, AzTU-nun İctimai Şurasının sədri Osman Gündüz jurnalistlərə açıqlamasında vurğulayıb ki, tələbələrin sessiya hazırlıq dövründə Azərbaycan dilli resurslara əlçatımlılığı ilə bağlı çatışmazlıqlar müşahidə edilib: “Müşahidlərimiz göstərdi ki, universitetdə imtahana hazırlıqla bağlı müəyyən tədbirlər həyata keçirilib. Hər dəfə ictimai nəzarətin yekununda görülən işlər, problemlər və çatışmazlıqları müzakirə edirik. Tələbələrlə söhbətləşdik, imtahana hazırlıq üçün materialları necə əldə etdiklərini soruşduq. Bəziləri internetdən tapdıqlarını, bəziləri müəllimin kömək etdiyini, bəziləri kitabxanadan tapdığını dedi.

Fikrimcə, tələbələr təkcə müəllimin mühazirəsindən kifayətlənməli deyillər. Əlavə resurslardan istifadə etməlidirlər. Universitetdə Azərbaycan dilli resurların sayı artırılmalı, onlayn kitabxana zənginləşdirilməlidir. Ümumi baxdıqda, görülən işləri qənaətbəxş hesab etmək olar”.

“525-ci qəzet”in baş redaktoru, AzTU-nun İctimai Şurasının üzvü Rəşad Məcid Texniki Universitetdə son illərdə müsbət dəyişikliklərin olduğunu deyib:


“Bunlara kadrların cavanlaşdırılmasını, rəhbərliyə kreativ düşüncəli, savadlı alimlərin cəlb olunmasını və  xaricdən bacarıqlı mütəxəssislərin dəvət edilməsini qeyd edə bilərik. Magistrlərə bakalavrlara dərs demək fürsətinin yaradılması da yeni nəsil müəllimlərin yetişdirilməsinə bir töhfədir. Müxtəlif fənnlər üzrə imtahanların gedişatını izlədik, tələbələrlə həmsöhbət olduq və hər hansısa ciddi narazılığı eşitmədik. İmtahanlar şəffaf formada keçirilir. 

Azərbaycan Prezidenti son çıxışında ictimai nəzarətdə medianın rolu barədə danışdı. Bunu nəzərə alsaq, medianın və İctimai Şura üzvlərinin bu gün imtahanların gedişində iştirak etməsi müsbət haldır. 

Universitetdəki boşluqlar barədə rektor özü çəkinmədən fikirlərini bölüşdü. Rəhbərlik vaxtı keçmiş proqramlar, istifadəyə yararsız kompüterlər və yeni texnologiyaların gətirilməsi ilə bağlı çətinliklərlə bağlı danışdı. Biz də öz növbəmizdə bu məsələlərdə ictimaiyyətin dəstəyini əsirgəməməliyik”.


Millət vəkili Etibar Əliyev isə bildirib ki, müəllimlər tələbələrə yeni ədəbiyyatlardan tədris aparmalıdır: “Onlar texniki ixtisaslar üzrə daha yeni bilikləri qazanıb, tələbələrinə ötürməlidir. Təəssüflər olsun ki, bizim ali məktəblərin əksəriyyətində köhnə ədəbiyyatlardan tədris aparılır. Bu ədəbiyyatlar indiki dövrün tələblərinə uyğun gəlmir. Fənnlərin metodikası artıq dəyişib. Müəllimlər köhnə dərsliklərdən və metodikilardan imtina etməlidir”.

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-dən fevralın 5-dək üç növbədə davam edəcək.
Prosesdə imtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na riayət olunur. İmtahanlarda iştirak edən bütün tələbələr maska və digər qoruyucu vasitələrlə təmin olunur.

FOTO/VİDEO: Nicat Niftəliyev