"Şifahi imtahanlar ƏZBƏRÇİLİKDİR" - Dillər Universitetində İMTAHANIN 1 GÜNÜ - VİDEO
    • 7-01-2022, 17:57
    • 625

"Şifahi imtahanlar ƏZBƏRÇİLİKDİR" - Dillər Universitetində İMTAHANIN 1 GÜNÜ - VİDEO

Yanvarın 5-dən etibarən ölkənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Qış imtahan sessiyası prosesini izləmək üçün media nümayəndələrinin Azərbaycan Dillər Universitetinə mediaturu təşkil olunub.

News24.az xəbər verir ki, media nümayəndələri ilə yanaşı millət vəkilləri, təhsil ekspertləri universitetdə imtahan prosesi ilə yaxından tanış olublar. 

Universitetin rektoru Kamal Abdulla jurnalistlərə açıqlamasında bildirib ki, imtahan prosesinin yaxından izlənilməsi, belə mediaturların təşkili universitetin potensialının üzə çıxarılmasına öz ciddi köməyini göstərəcək: “Bu görüşləri ənənəvi olaraq keçiririk. İmtahanlar başlayarkən media nümayəndələri, təhsil ekspertləri, tanınmış pedoqoqları, valideynlər şurasının universitetimizə dəvət edir və imtahanların gedişi ilə bağlı onlarla fikir mübadiləsi aparırıq. Mənə elə gəlir ki, bu günkü fikir mübadiləsi son dərəcə maraqlı şəraitdə keçdi”.

Millət vəkili Etibar Əliyev imtahanların təşkili ilə bağlı problem olmadığını desə də, bəzi boşluqlardan söz açmağı da unutmayıb: “Bu gün ali məktəblərdə problem dərsliklərlə bağlıdır. Dərsliklər ali məktəblərdə çap olunmur. Burada 2020-ci ilin proqramını gördük, biletlərin tərtib olunmasına rast gəldik. Bütün hallarda tələbələrə yeni biliklər verilməlidir. Bilik ətalətli ola bilməz və heç zaman tükənmir. Hər bir fənnin paradiqmaları dəyişir. Ali məktəb rəhbərliyi, bu işə məsul olan şəxslər yeni nəsil dərsliklərin yazılması və həmin dərsliklərin tələbələrə tədris olunmasında maraqlı olmalıdır. 

O, əlavə edib ki, ciddi problemlərdən biri də çoxçeşidli ədəbiyyatların olmamasıdır: “Tələbələrin ixtiyarına çoxseçimli ədəbiyyatlar vermək lazımdır. Təkcə mühazirə kursları ilə proses məhdudlaşdırılmamalıdır. Tələbələr arasında imtahanların onları qane edib-etməməsi, keçirilən dərslərin keyfiyyəti ilə bağlı sorğular təşkil olunmalıdır. İmtahanların yazılı formada təşkili çox yaxşı haldır”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov şifahi imtahanların əzbərçilik olduğunu dilə gətirib: “Yazı özü bir mədəniyyətdir. Çox məmnun oldum ki, imtahanlar yazılı formada reallaşır”. 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Qafqazşünaslıq ixtisası çərçivəsində erməni dilinin tədris olunmasının onun üçün xoş sürpriz olduğunu qeyd edib: “Erməni dilinin tədrisi günümüzdə lazımlı məqamlardan biridir”. 

Təhsil eksperti Kamran Əsədov xarici dillərlə bağlı imtahan iştirakçılarının təkcə yazı yox, danışıq və oxuma qabiliyyətlərinin də yoxlanılmasının önəmli olduğunu deyib.

Tələbələr isə ümumən imtahan prosesinin şəffaf keçdiyini dedilər. Ancaq onlar bəzi təkliflərini də irəli sürdülər. 

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-dən fevralın 5-dək üç növbədə davam edəcək.

İmtahanların keçirilməsi zamanı "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarına riayət olunur.

Gün ərzində universitetin hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir.

Reportajı təqdim edirik:

Müxbir: Məhərrəm əliyev
Video Nicat Niftəliyev