Qış Olimpiya Oyunlarının açılış mərasimi - CANLI - YENİLƏNİB
    • 4-02-2022, 16:46
    • 550

Qış Olimpiya Oyunlarının açılış mərasimi - CANLI - YENİLƏNİB

Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir. 

News24.az xəbər verir ki, tədbir Pekin Milli Stadionunda təşkil olunub. 

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.  

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər.  

*** 16:17

Bu gün Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimi baş tutacaq.

News24.az xəbər verir ki, açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Qış Olimpiya Oyunları davam edən koronavirus pandemiyasına baxmayaraq təxirə salınmayıb. Təşkilaçılar iştirakçıların maksimum təhlükəsizliyini təmin etmək üçün hazırlanmış bir sıra qaydalar təyin ediblər.