Məscid daşlarından tikilən, xarabalığa çevrilən hamam – FOTOREPORTAJ
    • 14-02-2022, 16:39
    • 1 554

Məscid daşlarından tikilən, xarabalığa çevrilən hamam – FOTOREPORTAJ

Bakı kəndlərində küçələr onlara verilən adlardan çox həmin ərazidə olan tanınmış tikililərə görə tanınır. 

Elə doğulub boya başa çatdığım Əmircan kəndində də belə yerlər az deyil. "Meydan yeri", “Kənd soveti”, "Əsədlilər məhəlləsi", "Qoşa Minarəli məscid"in qarşısı, "hamamın yanı", "Şor qırağı" və s. 

Demək olar ki, hər həftənin bazar günü fotoaparatımı da götürüb bu məkanları çəkməyə gedirəm. Bu dəfə isə çox uzağa deyil, elə köhnə adı "Xilə" olan Əmircan kəndinin məşhur hamamını çəkməyə qərar verdim.


Əslində tikilini yalnız çöldən çəkəcəyimi düşünmüşdüm. Çünki sonuncu dəfə kənd hamamının yanından keçəndə içərisinin dizə qədər tullantı ilə dolu olduğunu gördüm. Hələ üfunət iyini demirəm. Bu tikili eyni zamanda uzun müddət, bəlkə də elə indi də narkomanların toplaşdığı məkandır. 

Hamamın tikintisinin maraqlı tarixi var. Bu tikili 1930-cu illərdə Bakının tanınmış neft milyonçusu Şəmsi Əsədullayevin Əmircanda tikdirdiyi daha sonra isə partladılan məscidinin daşlarından inşa olunub. 

Hamamın tarixini daha dəqiq öyrənmək üçün kənd sakini, hazırda təqaüddə olan müəllim Çingiz Cabiroğlu ilə söhbətləşdim. Öyrəndim ki, hamam 1980-ci ilin sonlarına qədər fəaliyyət göstərib və Bakının ən böyük hamamı olub: “Həmin dövrlər hamam xalqa lazım idi. Buna görə də ucuz idi. 15 qəpik ödəyib, nə qədər istəyirdin çimirdin. Paltarları yerləşdirməyə xüsusi şkaflar var idi. Onu da qeyd edim ki, hamam kişi və qadınlar üçün iki hissəyə ayrılmışdı. Həmçinin orada ayrıca otaqlar var idi. Ümumi hamamda çimmək istəməyənlər o otaqlardan istifadə edirdilər”.

Çingiz bəy 1984-cü ilə qədər özünün də hamamdan istifadə etdiyini vurğulayır: “Həmin vaxtlar çox evdə hamam yox idi. Hamı istifadə edirdi. Sonradan həyətlərdə hamamlar tikildi. Orada həm də bərbərxana var idi”.

Hamama daxil olan zaman məni qəribə hiss bürüdü. Özümü sanki hansısa qorxu filminin içindəyəm kimi hiss elədim. Dağılmış döşəmə, sınmış arakəsmələr, divar və səkilərdən tökülmüş kafellər... 
Bu tikilinin də aqibəti digər baxımsız qalan tikililərdən fərqlənmirdi. Daxili tullantılardan təmizlənsə də, ətrafında vəziyyət heç də yaxşı deyildi. 
Çəkiliş zamanı sakinlərdən biri Əmircanda aparılan geniş miqyaslı təmir-bərpa və abadlıq işləri çərçivəsində hamamın söküləcəyini və ya restavrasiya ediləcəyini bildirdi. Həmçinin qeyd elədi ki, hamam mədəniyyət evi və ya idman kompleksinə çevriləcək. 

News24.az məsələni dəqiqləşdirmək üçün Bakı Abadlıq Xidmətinin Əmircan qəsəbəsi üzrə Mədəniyyət şöbəsinin mətbuat katibi Vəli Zairovla əlaqə saxladı. V.Zairov bildirdi ki, hal-hazırda hamamla bağlı işlər gedir: “Yekun qərar mart ayından sonra veriləcək. Bununla bağlı geniş miqyaslı işlər görülür. Özülün binanın bərpasına yararlı olub olmamağı təyin edilməlidir. Bunun üçün də, nümunələr götürülməlidir. Ən optimal varinatdan istifadə etməyə çalışırıq ki, tarixini qoruyaq”.   

Fotolar Teymur Məmmədov