Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi - FOTO
    • 15-02-2022, 18:29
    • 553

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi - FOTO

Fevralın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. 

News24.az xəbər verir ki, iclasa başlamazdan əvvəl, spiker Sahibə Qafarova onun başçılığı ilə Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat verib. 

Milli Məclisin sədri xatırladıb ki, Latviya, Litva və Estoniya Şərqi Avropanın böyük geosiyasi əhəmiyyətə malik olan bölgəsində yerləşirlər. Hər 3 ölkə Avropa İttifaqının və NATO-nun üzvüdürlər. 

Spiker qeyd edib ki, həm Azərbaycan Respublikasının, həm də Baltikyanı dövlətlərin rəhbərliyi dinamik xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər. Bu ölkələr Azərbaycanla müxtəlif sahələri əhatə edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri saxlayırlar. Milli Məclisin nümayəndə heyətinin rəsmi səfərinin məramı da ikitərəfli siyasi dialoqun dərinləşməsinə töhfə vermək, xüsusən də dövlətlərarası münasibətlərin önəmli bir istiqamətini təşkil edən parlamentlərarası əlaqələrin inkişafı yollarını nəzərdən keçirmək idi.  

Sahibə Qafarova diqqətə çatdırıb ki, nümayəndə heyətimizin Baltikyanı ölkələrə səfəri Latviyadan başlayıb, daha sonra isə Litva və Estoniya ilə davam edib. 

Fevralın 2-də Latviya Seyminin sədri xanım İnara Murniyetse və Latviyanın Baş naziri cənab Arturs Krişyanis Karinş ilə, fevralın 3-də isə Latviya Prezidenti cənab Eqils Levits ilə görüşlər keçirilib. 

Nümayəndə heyətimiz fevralın 3-də Litva Respublikasına yola düşüb və elə həmin gün Litva Seyminin sədri xanım Viktoriya Çmilite Nielsen, ertəsi gün isə Litva Prezidenti cənab Gitanas Nauseda və Litvanın xarici işlər naziri cənab Gabrielius Landsbergis ilə görüşüb. 

Nəhayət, fevralın 6-da və 7-də nümayəndə heyətimiz Estoniya Respublikasında olub. Burada Estoniya parlamentinin sədri cənab Yüri Ratas, xarici işlər naziri xanım Eva-Maria Liimets və Estoniya Prezidenti cənab Alar Karis ilə görüşlər keçirilib. 

Baltikyanı dövlətlərin ali vəzifəli şəxsləri ilə söhbətlər zamanı bu ölkələr ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafından, o cümlədən, parlamentlər arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Həmsöhbətlər təmsil etdikləri ölkələrin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirməklə yanaşı, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVID-19 pandemiyasına qarşı mübarizədə  rolunu yüksək qiymətləndiriblər. 

Milli Məclisin sədri bütün görüşlərdə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il sürən işğalından qurtararaq, ərazi bütövlüyünü bərpa edib, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edib. Artıq münaqişə tarixdə qalıb və işğaldan azad olunmuş ərazilərdə bu gün geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. 

Sahibə Qafarova görüşlər zamanı bildirib ki, Ermənistan işğal altında saxladığı bütün şəhər və kəndlərimizi viran qoyub, tarixi, mədəni və dini abidələrimizi məhv edib. Spiker Azərbaycanın regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istədiyini, bu məqsədlə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə Ermənistana bir sıra təkliflər verdiyini diqqətə çatdırıb. 

Milli Məclisin sədri bu il 30-cu ildönümü tamam olacaq Xocalı soyqırımı haqqında düşüncələrini bölüşərək, Latviya, Litva və Estoniya parlamentlərinin Azərbaycanla dostluq qruplarının bu barədə verdikləri bəyanatların ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. 

Söhbətlər zamanı Sahibə Qafarova ölkəmizin həyata keçirdiyi layihələr və mövcud investisiya imkanları barədə də məlumat verib.

Həmsöhbətlərinə Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışaraq qeyd edib ki, bu dəhlizin açılması nəinki region, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri haqqında məlumat verən spiker bildirib ki, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir və sazişin 90 faizdən çoxu artıq razılaşdırılıb. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir.
Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanı qazla təchiz edir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Baltikyanı ölkələrdə rəsmi görüşlər ilə yanaşı, nümayəndə heyətimiz bir sıra tədbirlərdə də iştirak edib.

Nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub, həmçinin Latviya Milli İncəsənət Muzeyində və Latviya Milli Kitabxanasında olub. 

Parlament nümayəndə heyəti Litvanın paytaxtı Vilnüs şəhərinin "Antakalnio" məzarlığında 1991-ci il 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və abidənin önünə əklil qoyub. 

Estoniya Respublikasına rəsmi səfər çərçivəsində isə nümayəndə heyəti həmin ölkənin paytaxtı Tallin şəhərində Elektron Estoniya Brifinq Mərkəzini ziyarət edib və Mərkəzin fəaliyyəti ilə tanış olub. 

Çıxışına yekun vuran spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfərinin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını bildirib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb. 

Komitə sədri Bəxtiyar Əliyev, deputatlardan Hikmət Məmmədov, Rəşad Mahmudov, Rüfət Quliyev, Fazil Mustafa, Razi Nurullayev, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov öz çıxışlarında parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə səfərini yüksək qiymətləndiriblər, aparılan danışıqların əhəmiyyətini qeyd ediblər. 
Millət vəkilləri bu günlərdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinin hər iki ölkənin prezidentləri tərəfindən təsdiq olunaraq hüquqi qüvvəyə mindiyini bildirərək, bunu Azərbaycan və Türkiyə tarixində müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizliyimizin təmin olunması baxımından mühüm addım kimi qiymətləndiriblər. 
Deputatlar ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdama növbəti səfəri barədə fikirlərini açıqlayıblar. Ölkə başçısının Qarabağın yenidən qurulması ilə bağlı layihələr barədə ictimaiyyətə verdiyi məlumatları, o cümlədən Heydər Əliyev Fondunun töhfəsi olaraq mədəni-tarixi abidələrimizin bərpası istiqamətində həyata keçirilən işləri xüsusi vurğulayıblar.

Çıxışlarda ölkə gündəmində olan bir sıra digər məqamlara toxunulub, seçiciləri narahat edən məsələlərdən bəhs edilib.

Daha sonra gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün 11 məsələ müzakirə olunacaq. Qeyd edib ki, gündəliyin ilk iki məsələsi hökumətlərarası sazişlərin təsdiq edilməsi haqqında qanun layihələridir. Həmin sazişlər beynəlxalq sənədlər olduğundan bir oxunuşda qəbul ediləcək.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə  qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, Saziş  2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanıb. Sənəd Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədi daşıyır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişlə bağlı komitənin müsbət rəyini bildirib. Deputat Əli Məsimli təqdim olunan sənədin əhəmiyyəti barədə öz qeyd və təkliflərini açıqlayıb. 
Qanun layihəsi səsə qoyularaq bir oxunuşa qəbul edilib.