Bakıda ŞOK: Dostu ilə arvadının sevgili olduğunu bildi, bağışladı, birgə yaşadılar
    • 21-02-2022, 11:39
    • 1 144

Bakıda ŞOK: Dostu ilə arvadının sevgili olduğunu bildi, bağışladı, birgə yaşadılar

Bakıda həyat yoldaşının sevgi münasibətində olduğu şəxsi bıçaqlayan 1993-cü il təvəllüdlü Əziz Muxtarov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hadisənin təfərrüatları bəlli olub. Belə ki, araşdırmalar zamanı məlum olub ki, Əziz Muxtarov 2013-cü ildə Pakizə (şərti adlı) adlı qadınla ailəli olub və onların 4 övladı dünyaya gəlib. Lakin Əzizin işləməməsi, ailəyə baxmaması, spirtli içki içməsi ailədə münaqişələrə səbəb olub. Bundan sonra Pakizə dəfələrlə evdən qaçıb gedib, bu müddət ərzində o, Yasəf adlı şəxslə tanış olub və onlar görüşərək qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb.

Məhkəmə materiallarından məlum olur ki, Pakizə daha sonra ərini sevgilisi Yasəflə tanış edib. Küçələrdə plastik və metal əşyaları yığıb satmaqla məşğul olan Əziz Yasəflə dostlaşıb və onlar birgə işləməyə, zibilliklərdə içki şüşələri, plastik və karton toplamağa başlayıblar. Sonradan Əziz Yasəfin onun arvadı ilə sevgili olmasını bilib. Buna baxmayaraq o, həyat yoldaşını bağışlayıb və onu qəbul edib. Lakin Pakizə Əzizlə görüşməyə davam edib. Sonradan isə Əzizlə Yasəf arasındakı münasibətlər pozulub.

O da məlum olub ki, Pakizə Muxtarova özü də əri kimi Yasəflə birgə küçələrdən şüşə, plastik və metal toplamaqla məşğul olub. Noyabrın 6-da gecə saat 11 radələrində o, Yasəflə görüşüb topladıqlarının pulunu almaq üçün Şərifzadə küçəsinə gedib. Bu zaman Əziz də oraya gəlib və onları birlikdə görüb. Nəticədə münaqişə baş verib və Əziz Yasəfə “sən mənim ailmi dağıtmısan” deyərək bıçaqla qarın nahiyəsinə zərbə endirib.
Məhkəmədə zərərçəkən kimi çıxış edən Astara rayon sakini Yasəf Qulamov bildirib ki, 2011-ci ildə ailə qurub və 2 övladı var. Lakin arvadı ona xəyanət etdiyinə görə 2019-cu ildə boşanıb və 2021-ci ilin iyun ayında işləmək üçün Bakıya gəlib. O Bakıya gəldikdən az sonra Yasamal rayonu ərazisindəki parkda Pakizə ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Həmçinin Pakizə və onun əri ilə birgə küçələrdən tullantıları toplayaraq satmaqla məşğul olub. 

Yasəf Qulamov əlavə edib ki, onu bıçaqlayan şəxsi bağışlayıb və onlar barışblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1993-cü il təvəllüdlü Əziz Muxtarov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.