Arvadına “xəstəxanada əxlaqsızlıq edirsən” deyib üstünə benzin tökdü – DAHA BİR QADIN CİNAYƏTİ
    • 11-02-2022, 15:39
    • 669

Arvadına “xəstəxanada əxlaqsızlıq edirsən” deyib üstünə benzin tökdü – DAHA BİR QADIN CİNAYƏTİ

Gəncə şəhərində həyat yoldaşını amansızlıqla öldürməyə cəhd edən 1982-ci il təvəllüdlü Əziz Muradov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 157.1 (mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Əziz Muradov 2000-ci ildə Vəfa adlı xanımla ailə həyatı qurub. Onların 2001 və 2004-cü illərdə qızları, 2010-cu ildə oğul övladları dünyaya gəlib. Lakin sonradan Əzizin davranışları, həyat yoldaşını daimi döyməsi, spirtli içki və narkotik vasitələrə meyilli olması ailənin dağılmasına səbəb olub və 2015-ci ildə Kəpəz rayon Məhkəməsində onlar rəsmən boşanıblar. Bundan sonra Vəfa Muradova 3 övladı ilə birgə atasınnı evində yaşamağa başlayıb. 

Lakin buna baxmayaraq, Əziz Muradov keçmiş həyat yoldaşını təqib etməyə, onu hədələməyə davam edib. Həyat yoldaşı ilə barışmaq istədiyini bildirən şəxs buna nail ola bilmədikdə onun işlədiyi xəstəxanada əxlaqsızlıqla məşğul olduğunu deməyə başlayıb və buna görə Vəfanı öldürəcəyini deyib.

Aprelin 2-dən 3-nə keçən gecə saat 01 radələrində spirtli içkinin təsiri altında olan Əziz keçmiş qayınatasının yaşadığı küçəyə gələrək hasardan keçmək yolu ilə onun evinə daxil olub. O, gizli şəkildə 2-ci mərtəbəyə qalxaraq keçmiş arvadının və övladlarının yatdığı daxil olub.

Bu zaman Vəfa oyanıb və əzizi görüb. Əziz benzini Vəfanın üstünə töküb od vurmaq məqsədilə alışqanı çıxarıb. Bu zaman Vəfa aktiv müqavimət göstərərək onun əlindən tutub və alışqan yerə düşüb. Səs-küyə uşaqlar da yuxudan durub və analarını müdafiə etməyə çalışıblar. Vəfa Muradova qorxu içində çarpayının altına girib. Bunu görən Əziz isə üzərində gətirdiyi ov bıçağı ilə ona hücum edib.

Lakin keçmiş qayınatası və qayınanasının da gəldiyini görüb, onların polisə xəbə verəcəyini düşünərək qaçıb.