“Dil normalarının qorunması üçün İCTİMAİ QINAQ olmalıdır”
    • 21-02-2022, 15:05
    • 304

“Dil normalarının qorunması üçün İCTİMAİ QINAQ olmalıdır”

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub. Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda (o vaxt indiki Banqladeş Pakistanın tərkibində idi və 1971-ci ildə müstəqilliyini elan etdi – red.) öz ana dilinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət etmişdilər. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Biz də mövzunun aktuallığını nəzərə alıb, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə həmsöhbət olduq.

O, News24.az-a açıqlamasında Azərbaycan dilinin inkişaf yolu, xalqımızın ana dilinə verdiyi dəyər və bəzi problemlərdən söz açıb: “SSRİ dönəmində Nəriman Nərimanov Azərbaycan dilinin inkişafına böyük diqqət və qayğı göstərib. Eləcə də ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin istər birinci, istərsə də ikinci dönəmində Azərbaycan dilinin inkişafına ən yüksək səviyyədə dəstək olub. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Heydər Əliyev Azərbaycan dilini öz anası, dövləti qədər sevirdi. Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. 

Dilimiz lüğət tərkibinin zənginliyinə, qədimliyinə görə dünyanın ən zəngin, seçkin, qabaqda gedən dillərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Azərbaycan dilinin inkişafı üçün çoxsaylı sərəncamlara imza atıb”. 

Dilçi alim Azərbaycan dilindəki problemlərdən də söz açıb: “ ”Azərbaycan dilinin izahlı lüğəti” keçən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görüb. 1980-ci ildə isə dördüncü cildi tamamlanıb. Qazaxların, tatarların, başqırdların, özbəklərin hazırladıqları izahlı lüğətlərə baxanda bizimki kiçik görünür. Bizim hazırladığımız izahlı lüğətdə 40 min söz var. Halbuki bizim dilimizdə ən az 90 minə yaxın söz mövcuddur. Bu problemi həll etmək lazımdır. Azərbaycan dilinin akademik qrammatikası ilə bağlı da problemlər var. Düzdür, bu istiqamətdə işlərə başlanılmışdı, 2018-ci ildə bir cild çap olunub, ancaq ardı qaldı. Onu davam etdirmək lazımdır. Dilin saflığı məsələsi daim gündəmdə olub, xüsusilə, müstəqillik dövründə. Televiziya kanalları, qəzetlər və saytlarda bəzən dil normalarının pozulmasına şahid oluruq. Öz milli sözlərimiz olduğu halda yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə olunur. Düzdür, dövlət səviyyəsində bu məsələnin həlli istiqamətində müəyyən tədbirlər görüldü. Ancaq hər kəs başa düşməlidir ki, dil xalqın varlığıdır, kimliyidir. Dilin qoruyucusu xalqdır. Hər kəs bunun üçün məsuliyyət daşıyır. Dilə sevgi körpəlikdən, beşikdən başlamalıdır. Dil normalarının qorunması üçün isə ictimai qınaq olmalıdır”.