Rusiyanın addımı erməni seperatçılarını da HƏVƏSLƏNDİRƏCƏK: Qarabağda TƏHLÜKƏ...
    • 22-02-2022, 12:41
    • 542

Rusiyanın addımı erməni seperatçılarını da HƏVƏSLƏNDİRƏCƏK: Qarabağda TƏHLÜKƏ...

“Rusiya sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Krımı ilhaq etməzdi. Qərbin sanksiyalarının ciddi bir təsiri olmayacaq”.

Bunu News24.az-a açıqlamasında Ukrayna-Rusiya gərginliyini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq qeyd edib ki, hazırda çox təhlükəli vəziyyət yaranıb: “2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən ilhaq etdi, bu bölgələrin “müstəqilliklərini” tanıdı. Daha sonra 2014-cü ildə Krımı, indi isə Donbası tanıyır. Zənnimcə, bunun ardınca Rusiya ordusu Donbasda Ukraynanın şərqinə daxil olacaq. Əvvəlcə lokal, daha sonra isə genişmiqyaslı müharibə ola bilər. Növbəti mərhələdə Donbasın Krım kimi Rusiyaya birləşdirilməsi məsələsi var.  

Rusiya prezidentinin dünənki çıxışını diqqətlə dinlədim. Vladimir Putin əgər əvvəlki çıxışlarında SSRİ-nin xislətini çəkirdisə, dünənki geniş nitqində Rusiya imperiyasının əzəmətindən ağız dolusu danışırdı. Deməli, Kreml Donbasla kifayətlənən deyil. Seperatçıların ard-arda tanınması bu fikri səsləndirməyə əsas verir”. 

O, hazırkı reallığın Qarabağ üçün də narahatlıq yaratdığını dilə gətirib: “Qarabağda da rusiyalı hərbçilər var. Bu, bizə də müəyyən təhlükələr yarada bilər. Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq”.

E.Şahinoğlu vurğulayıb ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək: “Ancaq Rusiya hakimiyyəti sanksiyalardan çəkinmir. Rusiya sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Krımı ilhaq etməzdi. Bu sanksiyaların ciddi bir təsiri olmayacaq. Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbası Rusiya ərazisi kimi tanısınlar. Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Ancaq Belarus və Çinin bu oyuna qoşulmasını gözləmirəm. Onlar Rusiyanın Donbası tanımasına etiraz etməyəcəklər, ancaq yanında da yer almayacaqlar”. 

Siyasət şöbəsi