Antalyada “Xocalının fəryadı” adlı anım tədbiri keçirildi
    • 26-02-2022, 15:32
    • 3 017

Antalyada “Xocalının fəryadı” adlı anım tədbiri keçirildi

Türkiyənin Antalya şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalının fəryadı” adlı anım tədbiri keçirilib.

Bu barədə News24.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin və Türk Ocaqlarının Antalya şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi partiyaların, yerli və xarici QHT-lərin nümayəndələri, Akdeniz Universitetinin müəllim və tələbələri, Azərbaycan icmasının üzvləri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər xalqımızın, dünya azərbaycanlılarının və türk dünyasının bu faciəni unutmayacağını və unutdurmayacağını bildiriblər. 30 il keçməsinə baxmayaraq, dünya birliyi səviyyəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməməsi və bəşəri cinayət törədən erməni cəlladlarının cinayət məsuliyyətinə cəlb olunmaması qəbuledilməz hal kimi qiymətləndirilib. Tədbir iştirakçıları beynəlxalq ictimaiyyətdən bu istiqamətdə qətiyyətli addımların atılmasını tələb ediblər.

Sonra Xocalı soyqırımı həqiqətlərindən bəhs edən sənədli film və videomateriallar, kompozisiyalar təqdim olunub.

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi təşkil edilib.