Toylara görə daha 8 nəfər cərimə olundu
    • 28-02-2022, 09:47
    • 366

Toylara görə daha 8 nəfər cərimə olundu

Fevralın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqini həyata keçirib.   

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Monitorinqlər 414 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 388 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.