Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı
    • 17-03-2022, 11:57
    • 1 045

Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti meşə və meşəətrafı ərazilərdə qanunsuz fəaliyyət göstərən kömür istehsalı ilə məşğul olan xeyli sayda ocaqxanalar aşkar edilərək barələrində inzibati protokollar tərtib edilib.

FHN-dən News24.az-a verilən məlumata görə, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib, habelə bu kimi hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən meşə təsərrüfatı müəssisələrinə məktublar ünvanlanıb.

Qeyd olunan tədbirlərin davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Qax rayon xidməti ərazisində monitorinqlər keçirilib və meşə massivinin yaxınlığındakı kol-kos sahələrdə yerləşən qanunsuz fəaliyyət göstərən yeni kömürxanalar aşkar edilib.

Monitorinqlər zamanı Qax rayonunun Şotavar kəndində kənd sakinləri Gündüz Allahverdiyev, Orxan Allahverdiyev, Bəhruz Bayramov, Yalçın Babayev, Nurlan Balayev, Adilə Balayeva, Çingiz Cumayev, Röyal Əhmədov, İlkin Balayev, Rəfail Məcidov, Şövkət Məcidov, Vüqar Musayev, Nazim Cumayev, Bayram Nadirov, Nəriman Şahmalıyev və Qasım Qasımova məxsus pay torpaqlarında kustar üsulla hazırlanmış metal çənlərdə odun yandıraraq kömür hazırlanması faktları aşkar edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən belə kömürxanaların istismar edilməsi ciddi yanğın təhlükəsi yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, qanunsuz fəaliyyət növü ilə məşğul olan 16 nəfər kənd sakini barəsində inzibati protokol tərtib olunub və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə fəaliyyətini davam etdirir.