Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək
    • 6-12-2018, 18:49
    • 1 003

Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək

Tələbə və gənclərin sosial inkişafı, karyera bacarıqlarının artırılması, onlar üçün yeni iş imkanlarının, sosial yanaşmaların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) yeni maarifləndirici beynəlxalq layihənin icrasına başlayıb.

ADTGT-nin ictimai əlaqələr və informasiya departamentindən bildiriblər ki, cari ilin dekabrından start götürən layihə üç ay davam edəcək. Gənclərin karyera inkişafı, məşğulluq və iş imkanları sahəsində beynəlxalq təcrübə, informasiya mübadiləsini və şəbəkələşməni nəzərdə tutan bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də rəsmi tərəfdaş kimi qoşulduğu “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda Polşa, Rumıniya, Çex Respublikası, Sloveniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin iştirakı nəzərdə tutulur.
Gələn il yanvarın 24-28-də “Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında Bakı Konqres Mərkəzində keçiriləcək Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcək.
Beynəlxalq Gənclər Forumunun proqram gündəliyinə rəsmi açılış və bağlanış plenar sessiyaları ilə yanaşı, 4 mövzu üzrə panellərin təşkili, seminar və qruplar üzrə iş tapşırıqlarının aparılması, gənclər işi, gənclərin karyera və məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən müxtəlif hökumət strukturlarında görüşlərin keçirilməsi, Azərbaycanın uğurlu sosial brendlərinə çevrilən ASAN və DOST xidmət mərkəzləri ilə tanışlıq və Bakı Bəyannaməsinin qəbulu da daxil edilib.
Layihə çərçivəsində geniş PR fəaliyyəti, sosial media və şəbəkələrdə təbliğati işlər və gənclərin karyera və məşğulluğuna dair Azərbaycan, ingilis və rus dillərində kitabın nəşri də nəzərdə tutulur.
Xatırladaq ki, ADTGT Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, eləcə də digər milli və beynəlxalq donorların dəstəyi ilə ölkədə və xaricdə çoxsaylı beynəlxalq layihələr icra edib. Təşkilat uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” mükafatına layiq görülüb.

//AZƏRTAC