Gəncədə şok hadisə - Qonşusunu yerə yıxıb başını dəmirlə deşdi
    • 9-04-2022, 15:09
    • 458

Gəncədə şok hadisə - Qonşusunu yerə yıxıb başını dəmirlə deşdi

Ötən ilin 3 iyul tarixində günorta saatlarında Gəncə şəhərində 1994-cü il təvəllüdlü Cabbar Əliyevin qonşuluqda yaşayan Faiq Musayevə ağır xəsarətlər yetirməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə C.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, hər iki şəxs Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində qonşuluqda yaşayır. Hadisədən 1 gün əvvəl gecə saatlarında Faiqin küçədə əsəbi şəkildə səs-küy salması Cabbarın xoşuna gəlməyib. Həmin vaxt gecə olduğu üçün və Faiqin əsəbi olmasını düşünən Cabbar evdən çıxaraq ona reaksiya vermək istəməyib. Səhəri gün isə günorta saatlarında Cabbar Faiqi binanın həyətində görüb və nə üçün gecə qışqır-bağır salaraq insanları narahat etdiyini soruşub. Faiq isə öz növbəsində səs-küy salmadığını, sadəcə telefonda əsəbi şəkildə danışdığını bildirib. Bu zaman onlar arasındakı mübahisə münaqişəyə çevrilib və qonşular əlbəyaxa olublar. Dava zamanı Cabbar yerdən götürdüyü dmir çarçası ilə Faiqin başına deşilmiş xəsarət yetirib, daha sonra isə həmin dəmirlə onun döş qəfəsinə vuraraq ağ ciyərinin xəsarət almasına səbəb olub.
Hadisədən sonra Cabbar saxlanılıb, lakin məhkəmə onun istintaq müddətində ev dustaqlığında qalmasına qərar verib.

Məhkəmədə o, əməlindən çox peşman olduğunu deyib. Faiq də, Cabbarın qonşusu olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, ikinci qrup əlil olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını deyərək ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməi Cabbar Əliyevə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsinə, lakin cəzanın 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə hökm edib.